Rusiyada azərbaycanlı qadından sonra əri də tutuldu - SƏBƏB

Rusiyanın Primorsk vilayətinin Naxodka şəhərində külli miqdarda narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən 41 yaşlı Azərbaycan vətəndaşı həbs olunub. APA TV-nin Vesti.az-a istinadən xəbərinə görə, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Primorsk vilayəti üzrə nümayəndəliyindən məlumat verilib.

Keçirilən əməliyyata həmçinin İqtisadi Təhlükəsizlik və Korrupsiya ilə Mübarizə İdarəsi, Yol Polisi və Kinologiya şöbələrinin əməkdaşları cəlb olunub.

Hüquq-mühafizə orqanlarının apardığı əməliyyat-axtarış tədbirləri nəticəsindən həbs olunan şəxsə aid olduğu bildirilən 3 milyon rubl məbləğində pul, eləcə də digər maddi sübutlar aşkar edilərək götürülüb. Axtarış zamanı tapılan pulun divanın parçasının içərisində gizlədildiyi müəyyən edilib. Faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 228.1 (Külli-miqdarda narkotik vasitənin qanunsuz dövriyyəsi) maddəsi ilə cinayət işi qaldırılıb, şübhəli şəxsin barəsində həbs-qətimkan tədbiri seçilib.

Həbs olunan şəxs uzun müddət hüquq-mühafizə orqanlarının hədəfində olub. Sonda onun iş başında tutulması istiqamətində əməliyyat hazırlanaraq, həyata keçirilib.

Qeyd edək ki, saxlanılan şəxsin xanımı da bir qədər əvvəl polis tərəfindən eyni ittihamlarla həbs olunaraq, məhkəmənin qərarı ilə müəyyən müddətə azadlıqdan məhrum edilib.

Müəllif | Apa.Tv
Apa.tv