"Formula-1"də jurnalistlərin akkreditasiya qaydaları açıqlandı
Bakıda keçiriləcək “Formula-1” yarışlarını işıqlandıracaq media nümayəndələrinin akkreditasiya prosesinə martın 1-də start veriləcək. Bakı Şəhər Halqasının rəsmi internet saytında onlayn rejimdə keçiriləcək prosesə martın 31-də yekun vurulacaq. Bu barədə "Formula-1" Avropa "Grand Prix" yarışlarında mətbuat nümayəndələrinin akkreditasiya qaydalarına həsr olunmuş seminarda bildirilib.
"Onlayn müraciət forması ilə yanaşı, tələb olunan 4 sənəd skan olunaraq elektron şəkildə təqdim edilməlidir. Bundan başqa, jurnalist-fotoqraf vəsiqəsi, ağ fonda pasport ölçülü (3x4) peşəkar fotoşəkil və akkreditasiya müraciət gününədək nəşr olunmuş və ya onlayn məqalənin scan və ya screenshot forması təqdim edilməlidir. Jurnalistin akkreditasiya müraciətinə müsbət cavab verildiyi halda onun e-mail ünvanına təsdiq cavabı ilə yanaşı müqavilə forması göndəriləcək".
Müraciət edən KİV çap mətbuatdırsa, ictimai satışda olmalıdır. Eyni zamanda, müraciət edən gündəlik və həftəlik KİV-lərin tirajına baxılacaq. Qapalı dövriyyədə olan əlavə mətbuat orqanlarına bir qayda olaraq akkreditasiya verilmir. Lakin tiraj və oxunma reytinqi yüksək olan qəzet və jurnallar istisna təşkil edir.
"Hər hansı reklam agentliyi, sponsor, ictimai xadim, kommersiya nümayəndəsi heç bir halda media olaraq akkreditasiyadan keçə bilməz. Daimi akkreditasiya yalnız Formula-1 mövsümünün bütün yarışlarını, yarış hesabatı da daxil olmaqla mütəmadi işıqlandıran jurnalistlər üçün nəzərdə tutulub. Hər hansı bir mətbuat orqanı üçün bir qayda olaraq 1 nəfər jurnalist və 1 nəfər fotoqraf akkreditasiya oluna bilər".
Bundan başqa internet saytlar üçün də akkreditasiya tələbləri açıqlanıb. Müraciət edən KİV peşəkar səviyyəli vebsayt, müraciət edən şəxs isə saytın idman jurnalisti olmalıdır. KİV-də idmana və ya "Formula-1" dünya çempionatına aid xüsusi bölməsi olmalıdır. Eyni zamanda, saytın gündəlik ziyarətçi sayı göstərilməlidir. Akkreditasiya üçün müraciət edən jurnalistlər, vebsaytlar əsasən, həmin yarışla bağlı silsilə məqalələr və həftədə 5 dəfə olaraq yazılar çap etməlidir.