Azərbaycanda mebellər niyə sürətlə ucuzlaşır? - REPORTAJ
Azərbaycanda son devalvasiyadan sonra mebel bazarında yaranan durğunluq artıq aradan qalxmağa, alqı-satqı prosesi bərpa edilməyə başlayıb. Bunu həm satıcılar, həm alıcılar təsdiq edirlər. Paytaxtın məşhur mebel salonlarından birinin satıcısı deyir ki, ötən ilin sonlarında əhalinin alıcılıq qabiliyyəti əvvəlki illərin müvafiq dövrü ilə müqayisədə azalsa da, bu ilin əvvəlindən kreditləşmə bərpa olunduqdan sonra bazarda nisbətən canlanma başlayıb.
"İndi alıcılarımız daha çox yataq, qonaq və yumşaq mebellərin alışına üstünlük verir. Tələbat daha çox artıb. Amma stol və stul dəstləri ilə maraqlananların da sayı az deyil. Alıcı sayına gəldikdə, ötən ilə nisbətən elə bir qıtlıq yaşamırıq. Mağazanın daxilində kreditlə satış var, mövsümə uyğun olaraq endirim kampaniyaları da keçirilir. Bundan başqa hər bir müştəriyə endirim də edilir".
Keyfiyyətinə görə xaricdə istehsal olunan məhsullardan heç də geri qalmayan yerli mebellərin qiyməti isə alıcıların cibinə uyğundur. Belə ki, yerli şirkətlər tərəfindən istehsal olunan qonaq dəstinin qiyməti 1477-2268 manat, yumşaq mebelin qiyməti 1503 -1439 manat, yataq dəstinin qiyməti 1000-5000 manat, uşaq mebeli 973-1408 manat arası dəyişir. Bazarda diqqət çəkən məqamlardan biri də odur ki, yerli məhsullara üstünlük verən alıcıların sayı artıb.
Müşahidə apardığımız əksər mağazalarda mənzərə bir-birindən fərqlənmir. Bütün mağazalar qiymətlərə köklü şəkildə təsir edən endirimlərə gedir.
"Yeni ildən bu yana alıcı qıtlığı hiss olunur, amma müştərilərimizə yüksək keyfiyyətli yerli məhsullar təqdim edirik. Müştərini məmnun etmək üçün endirimlərimiz də var, mağaza daxili kreditlər də".
Satıcılar deyir ki, son vaxtlar xaricdə istehsal edilən mebellərə maraq azalıb. Hazırda ölkə bazarında Azərbaycan, Türkiyə, Rusiya, Ukrayna, Çin, İtaliya, Almaniya, Avstriya istehsalı olan mebellər satılır. Qiymətlər mebelin dizaynına, keyfiyyətinə, materialına, hətta rənginə görə dəyişir. Müştərilər xarici məhsullar arasında daha çox Türkiyə və Çin malları alır. Kimi Türkiyə məhsullarını keyfiyyətinə, kimi də Çin mebellərini görkəminə üstünlük verir. Əvvəllər ay ərzində satılan məhsulların əksəriyyəti xaricdə istehsal edilən mebellər olubsa, hazırda bunun əksi müşahidə edilir.
Bundan başqa satıcılar deyir ki, devalvasiyadan sonra xaricdən gətirilən mebellərin qiymətləri bir qədər bahalaşıb. Buna görə də, hazırda əksər mebel salonları müştəri cəlb etmək üçün geniş həcmli endirim kampaniyalarına başlayıblar. Məsələn, xarici istehsal olan qonaq dəstinin qiyməti 16800 manatdan 12600 manata, yumşaq mebel dəstinin qiyməti 10500 manatdan 7875 manata, yataq dəstinin qiyməti isə 9000 manatdan 6800 manata endirilib.
İqtisadçılar da mebel satışı bazarında yerli məhsulların xarici məhsulları üstələməsinin əsas səbəbini qiymət fərqində görürlər. İqtisadçı-ekspert Nicat Hacızadə hesab edir ki, əmtəə bazarında baş verən durğunluq əhalinin gəlirlərinin azalması faktoru ilə bağlıdır. Belə ki, ötən illə müqayisədə əhalinin gəlirləri xərcləri iki hissəyə bölüb.
Nicat Hacızadə İqtisadçı-ekspert: "Bunlar əsas və ikinci dərəcəli xərclərdir. Mebel alınması ikinci dərəcəli xərclərə aiddir. Dünya praktikasında da belədir ki, bazarda durğunluq olan zaman əhali ikinci dərəcəli xərclərindən imtina edir. Yəni qida və təhsil xərcləri ikinci dərəcəli xərcləri arxa plana keçirir. Yəni əgər köhnə mebeldən istifadə etmək mümkündürsə, əhali maddi vəziyyəti düzələnədək məhz ondan istifadəyə üstünlük verir. İkinci dərəcəli xərclərdən imtina mebel üzrə satışların azalması ilə müşayiət olunur. Belə olan halda mebel dükanlarında tələbatın azaldığı üçün satışlar həyata keçirilmir. Sahibkar da mebelin qiymətində endirim etmək məcburiyyətində qalır. Orta hesabla, hazırda xarici mebellərin satışında 19.05 faiz ucuzlaşma qiymət müşahidə olunur. Bunun əsas səbəbi tələbatın azalmasıdır. Əhali artır xarici mebel almaq istəmir. Səbəb isə xarici mebellərin qiymətinin yerli mebellərə nisbətdə daha baha olmasıdır"
Ekspertin fikrincə, belə davam edəcəyi təqdirdə xaricdən gətirilən mebellərə maraq daha da azalacaq. Nicat Hacızadənin sözlərinə görə, yerli və xaricdə istehsal olunan mebellər arasında keyfiyyət baxımından ciddi fərq yoxdur. Fərq yalnız onların qiymətlərindədir. Buna görə də vətəndaşlar isə əlavə xərcdən qaçmaq üçün yerli mebellərə üstünlük verməyə başlayıblar. Ekspert yaxın vaxtlarda qiymətlərin daha da ucuzlaşacağını istisna etmir.