Gəmiricilər Ağcabədi və Ağdamda əkin sahələrinə ciddi ziyan vurub
Ağdam və Ağcabədi rayonlarının əkin sahələrində gəmiricilər növünə aid olan boz siçovullar ciddi təhlükəyə çevrilib. APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, hər iki rayonun bütün yaşayış məskənləri yaxınlığında yerləşən taxıl və yonca sahələrində siçovullar sürətlə çoxalır. Gəmiricilər rayonların cəbhə xətti istiqamətində daha çox yayılıb.
Ağdam rayon sakini Natiq Gərayov APA TV-yə açıqlamasında bildirib ki, Qaradağlı kəndi ərazisində becərdiyi yonca və taxıl sahəsinin xeyli hissəsi yararsız hala düşüb: "Yonca ilə arpa səpmişdim. 1 hektar yer idi. Siçan məhv elədi. Suvarandan sonra baxacağıq, əmələ gəlməsə toxumu təzədən səpəcəyik. Bu il hamının yeri belədir. Axşam yeri malalayıb, toxum səpdik, səhəri gün gəlib gördük ki, siçan məhv edib".
Qeyd edək ki, Respublika Bitki Mühafizə Mərkəzinin əməkdaşları payız aylarında yonca və taxıl sahələrində dərmanlama işləri aparıb. Mərkəzin əməkdaşları tərəfindən gəmiricilərə qarşı mübarizə tədbirləri yerli bələdiyyə nümayəndələri ilə birlikdə aparılıb. Lakin havaların şaxtasız keçməsi siçanların yenidən çoxalıb artmasına səbəb olub.