Qaxda ev yandı: təzə gəlinin cehizi kül oldu

Qaxda fərdi yaşayış evi yanıb. APA TV-nın  məlumatına görə, yanğın  Qum kəndində qeydə alınıb. Kənd sakini  Feyzullah Yusifova məxsus, ümumi sahəsi 121 kv/m olan kürsülü,  birmərtəbəli 4 otaqlı fərdi yaşayış evi yanıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Qax rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb edilib. Yanğın nəticəsində ev içərisindəki əşyalarla birlikdə yanıb. Yanğın baş verən an evdə yalnız ev sahibi olub və yanğının odun sobasından baş verməsi ehtimal edilir.

 

Yanğın zamanı xəsarət alan olmayıb və yaxınlıqda olan bir yaşayış evi, iki mal tövləsi və bir yardımçı tikili yanğından mühafizə olunub.

 

Yanan evdə bir ay öncə ev sahibinin oğlunun toy mərasimi keçirilib. Təzə gəlinin cehizi də yanğın zamanı yanaraq kül olub.

 

Faktla bağlı FHN-nin Qax rayon DYMH-də araşdırma aparılır.

 

 

 

 

Müəllif | Apa.Tv
Vüqar Heydərov