Medvedyev: "Üçüncü dünya müharibəsi qaçılmaz olacaq"
Rusiyanın baş naziri Dmitri Medvedyev bəyan edib ki, Suriyada gözlənilən quru əməliyyatları üçüncü dünya müharibəsinin başlamasına səbəb ola bilər. APA TV-nin Rusiya mətbuatına istinadən xəbərinə görə, Dmitri Medvedev bu açıqlamanı Münhendə Suriya danışıqlarının müzakirəsində deyib.
"Yer üstü əməliyyatlar dəhşətli müharibənin başlayacağını qaçılmaz edər. Siz Əfqanıstana baxın, mən hələ Liviyanı demək istəmirəm", - deyə hökumət rəhbəri qeyd edib.
Dmitri Medvedevin sözü gedən xəbərdarlığı bu yaxınlarda Suriyaya 150 min qoşun yeridiləcəyinin siqnallarını verən Səudiyyə Ərəbistanına ünvanlaması şübhə doğurmur.
Baş nazir bildirib ki, yer üstü əməliyyatlarda maraqlı olan tərəflər yeni müharibəyə inteqrasiya edirlər.
"ABŞ və bizim ərəb tərəfdaşlarımız nə istəyirlər? Müharibə? Onlar bu müharibədə tezliklə qalib olacaqlarını düşünürlər? Belə olmur, xüsusən də ərəb dünyasında. Bu cür müharibələrdə hamı bir-birinə qarşı vuruşur", - deyə Medvedev əlavə edib.
Hökumət rəhbəri bildirib ki, belə müharibələr on illər boyu davam edə bilər.
"Bu kimə lazımdır? Əksinə biz, amerikalılar, türklər və digər tərəflər birləşib müharibədə və təcavüzdə maraqlı olanları sərt cəzalandırmalıyıq. Masa arxasına keçib üçüncü dünya müharibəsinin başlamasına imkan verməməliyik. Hamımız yaxşı bilirik ki, baş verənlər hansı ssenari üzrə inkişaf edir".