Avropa Mühafizəkarlar Alyansının prezidenti Yan Zahradil BAXCP sədri ilə görüşüb
Ölkəmizdə səfərdə olan Avropa Mühafizəkarlar Alyansının prezidenti Yan Zahradil və onun başçılıq etdiyi nümayəndə heyəti Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) qərargahında partiyanın sədri Qüdrət Həsənquliyevlə görüşüb. Görüşdən sonra mətbuat konfransı keçirən qonaq Azərbaycanın təmsil etdiyi qurumun önəmli tərəfdaşı olduğunu və Azərbaycanla əməkdaşlığa böyük önəm verildiyini vurğulayıb. O, bu önəmin isbatı olaraq təmsil etdiyi qurumda Azərbaycanla Dostluq Qrupunun fəaliyyət göstərdiyini qeyd edib.
Yan Zahradil həmçinin Ermənistanda səfərdə olarkən, partiyasının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirələrin başqa platformalara daşınmasınının və qətnamələrin qəbulunun əleyhinə olması ilə bağlı səsləndirdiyi fikirlərə də münasibət bildirib.
"Ermənistan da Alyansda bir partiya ilə təmsil olunur. Qurum, üzvü və ya tərəfdaşı olduğu ölkələrdə yaşanan münaqişələrə müdaxilə etmir və heç bir tərəfi dəstəkləmir. Mən bunu Ermənistanda da bildirmişəm və indi Azərbaycanda da bu istiqamətdəki mövqeyimi bir daha təkrarlayıram. Bu bizim mövqeyimizdir".
Yan Zahradil həmçinin ittifaq üzvü olan digər dövlətlərin mövqeyinə müdaxilə etmədiklərini, partiya olaraq yalnız tərəflər arasında əldə olunacaq razılaşmanı dəstəkləyəcəklərini də sözlərinə əlavə edib.
Tədbir jurnalistlərlə dialoq şəraitində yekunlaşıb.