Səlim Müslümov Saatlıda vətəndaşlarla görüşdü
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Saatlıda vətəndaşları qəbul edib.
APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, nazir Saatlı rayonunda Saatlı, Hacıqabul, Sabirabad rayonlarının və Şirvan şəhərindən olan sakinləri qəbul edib.
Vətəndaşlar məşğulluğun təminatı, müvafiq kateqoriyalardan olan şəxslərin dövlət büdcəsi hesabına mənzil, reabilitasiya vasitələri ilə təmin olunması, müalicəyə köməklik göstərilməsi, əmək hüquqlarının müdafiəsi, peşə hazırlığına cəlb edilmə və s. məsələlərlə əlaqədar müraciət ediblər. Müraciətlərin bir qismi elə qəbul zamanı öz həllini tapıb və nazirin tapşırığına əsasən, bir sıra vətəndaşlara yaşadıqları rayon və şəhərdə boş (vakant) iş yerlərinə göndərişlər verilib.
Nazir tərəfindən bir nəfər əlilliyi olan şəxsə əlil arabasının, bir nəfərə eşitmə aparatının verilməsi, ayrı-ayrı vətəndaşların nazirliyin bərpa-müalicə müəssisələrində müalicəyə qəbul olunması tapşırılıb. Vətəndaşlardan bir qisminin ailələrinin ünvanlı dövlət sosial yardım almaq hüquqlarının müəyyən edilməsi barədə də aidiyyəti üzrə tapşırıqlar verilib.
Vətəndaşların nazirliyin səlahiyyət dairəsinə aid olmayan məsələlərə dair müraciətləri aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.