Təhsil Nazirliyi: Birləşdirilən kolleclərdə müəllimlərin ixtisarı gözlənilmir
“Orta ixtisas təhsili müəssisələri optimallaşdırılıb. Bunun nəticəsində tələbələrin sayı azalmadığından müəllimlərin dərs yükü mövcud vəziyyətdə qalacaq". APA TV-nin xəbərinə görə, bunu Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cəsarət Valehov deyib.
"Qəbul olunmuş qərar müəllimlərin fəaliyyətinə mənfi təsir göstərməyəcək. Birləşdirilən kolleclərdə müəllimlərin ixtisarı gözlənilmir" - deyən C.Valehov bildirib ki, Nazirlər Kabinetinin qərarına əsasən, eyni və ya oxşar ixtisaslar üzrə kadr hazırlığını həyata keçirən, eyni coğrafi ərazidə yerləşən orta ixtisas təhsili müəssisələri şəbəkəsi optimallaşdırılıb: "Qərara görə, 14 kollec müvafiq qayda üzrə biri digərinə birləşdirilib, 3 kollec profil üzrə müvafiq ali təhsil müəssisələrinin tabeliyinə verilib".
Bundan başqa, Cəsarət Valehov bildirib ki, Təhsil Nazirliyinin tabeliyində olan kolleclərin 40 faizdən çoxu humanitar, pedaqoji və musiqi yönümlüdür. Bir çox kollec eyni profil üzrə kadr hazırlığı həyata keçirir. Bəzilərində peşəkar idarəetmə müəllim heyəti ilə bağlı o qədər də yüksək keyfiyyət olmadığından kadr hazırlığının keyfiyyəti qənaətbəxş hesab oluna bilməz. O qeyd edib ki, əmək bazarında yetərincə tələbat olmayan sahələr üzrə kadr hazırlığının aparılması və çoxsaylı idarəetmə heyətinin saxlanılması büdcə vəsaitləri ilə bağlı müəyyən səmərəsiz xərcləmələrə gətirib: "Buna görə də Təhsil Nazirliyi tərəfindən bu istiqamətdə müəyyən addımlar atılıb, 2013-cü ildən başlayaraq görülmüş tədbirlər nəticəsində kolleclərdə pedaqoji kadr hazırlığının minimuma endirilib, əmək bazarında tələb olunmayan digər ixtisaslar üzrə qəbul planı məhdudlaşdırılıb".