“Texnikabank”ın əmanətçilərinə 123 milyon manat kompensasiya ödəniləcək
Sığorta hadisəsi baş vermiş “Texnikabank” ASC-nin qorunan əmanətçilərindən ərizələrin qəbuluna bu gündən etibarən agent bankların filiallarında başlanılıb.
Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Azad Cavadov bu gün keçirilən mətbuat konfransında deyib ki, bu bankın 20 340 qorunan əmanətçisinə 123 mln. 166 min 426 manat kompensasiya veriləcək.
“Biz hesablamalarımıza görə, bu bankın əmanətçilərinə 79 mln. manat verilməli idi. Bir ay 4 gün ərzində hesablamalar zamanı daha 43 mln. manat artıq oldu. Hazırda bu məlumatların dəqiqləşdirilməsi prosesi gedir”.
“Texnikabank”da əmanətləri olan şəxslər kompensasiyalarını almaq üçün “Muğanbank”, “Rabitə Bank”, “Unibank” və “Kapital Bank”a müraciət edərək müvafiq ərizə forması doldurmalıdır.