Lənkəranda seçkilərə hazırlıq
Oktyabrın 9-da ölkəmizdə keçiriləcək növbəti prezident seçkilərində Lənkəran rayonun seçiciləri 4 dairə seçki komissiyasını əhatə edən 112 seçki məntəqəsində siyasi iradələrini ifadə edəcək. Onlar 73 saylı Lənkəran şəhər, 74 saylı Lənkəran kənd, 75 saylı Lənkəran-Masallı və 76 saylı Lənkəran-Astara dairələrinin məntəqələrində yaşayış yeri üzrə səs verəcəklər. Lənkəran şəhərini və 5 kəndi əhatə edən dairə üzrə fəaliyyət göstərən 28 məntəqədə indiyədək 34 min 824 nəfər seçici qeydə alınıb. Səsvermənin şəffaf və demokratik keçirilməsi üçün bütün məntəqələrdə lazımi şərait yaradılıb. APA TV-nin məlumatına görə, hərəkət əngəlli seçicilərin səsvermədə iştirakını təmin etmək məqsədilə pandusların quraşdırılaraq məntəqələrə paylanıb. Bir çox məntəqəyə veb kameralar quraşdırılıb.
Seçici siyahıları hazırlanıb, daşınan və daşınmayan seçki qutuları məntəqələrdə yerləşdirilib. Hazırda seçki məntəqələrində seçicilərə paylanmaq üçün bildiriş vərəqələri hazırlanır. Bu vərəqələr səsverməyə 7 gün qalmış paylanacaq.
Prezident seçkilərinin uzunmüddətli monitorinqini həyata keçirən MDB Parlament Assambleyasının 6 nəfərdən ibarət ekpert qrupu və ATƏT-in uzunmüddətli müşahidə missiyasının 2 nəfər üzvü Dairədə və seçki məntəqələrində monotorinqlər aparıb. Oktyabrın 9-da da məntəqələrdə seçki prosesini yerli müşahidəçilərlə yanaşı, ATƏT-in uzun müddətli müşahidə missiyası və digər qısa müddətli olmaqla, xaricdən gələn müşahidəçilər izləyəcək.