Azərbaycan prezidenti Münhendə Avropanın şirkət rəhbərləri və ABŞ kəşfiyyatının nümayəndəsi ilə görüşdü

Azərbaycan prezidenti İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində bir sıra görüşlər keçirib.

 

APA TV-nin məlumatına görə, dövlət başçısı “Goetzpartners” şirkətinin sahibi və icraçı direktoru Stefan Qötzlə görüşüb.

 

Almaniyada 10 ən böyük konsaltinq şirkətindən biri olan və 9 ölkədə 12 ofisi yerləşən “Goetzpartners” şirkətinin icraçı direktoru Azərbaycanda fəaliyyət göstərməkdə maraqlı olduqlarını bildirib.

 

Prezident İlham Əliyev Azərbaycanda xarici şirkətlər üçün əlverişli sərmayə mühitinin olduğunu, onların uğurlu fəaliyyətinə hər cür şəraitin yaradıldığını söyləyib. Dövlət başçısı “Goetzpartners” şirkətini Azərbaycanda fəaliyyətə dəvət etib.

 

***

 

Prezident İlham Əliyevin ABŞ müdafiə katibinin kəşfiyyat üzrə müavini Marsel Lettre ilə görüşündə Azərbaycanla ABŞ arasında ikitərəfli əməkdaşlıq əlaqələrinin uğurla inkişaf etdiyi bildirilib. Münasibətlərimizin bir sıra sahələrdə tərəfdaşlıq səviyyəsində olduğu vurğulanıb. Terrorizmlə mübarizə sahəsində əməkdaşlıq baxımından yaxşı perspektivlərin olduğu qeyd edilib.

 

***

 

Azərbaycanın dövlət başçısı Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri Volfqanq Büxele ilə də görüşüb.

 

Görüşdə Azərbaycan ilə Almaniya arasında ikitərəfli iqtisadi əlaqələrin inkişafından məmnunluq ifadə edilib. Ölkəmizdə sərmayə qoyuluşu baxımından münbit şəraitin olduğu bildirilib.

 

Söhbət zamanı Azərbaycanın və Almaniyanın iş adamları arasında qarşılıqlı biznes səfərlərinin təşkilinin əhəmiyyəti vurğulanıb, əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

 

***

 

Prezident İlham Əliyevin “Kaspersky Lab” şirkətinin sahibi və icraçı direktoru Yevgeni Kasperski ilə görüşündə şirkətin Azərbaycanın müvafiq qurumları ilə əməkdaşlığından məmnunluq ifadə olunub, əlaqələrin daha da genişləndirilməsi üçün yaxşı potensialın olduğu qeyd edilib. Kibercinayətkarlığa qarşı mübarizə sahəsində və digər sahələrdə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Müəllif | Apa.Tv
Apa.tv