Bakı yollarında yeniliklər
Bakının bəzi küçə və prospektlərində avtomobil yollarında yeniliklər tətbiq olunub. APA TV həmin yenilikləri sürücülərin diqqətinə çatdırır. Yeniliklərdən biri Cəmşid Naxçıvanski adına Hərbi Məktəbin yanındadır. Gəncə prospektində yol çoxdandır ki, yararsız vəziyyətdə idi. Daha doğrusu, dalğavari vəziyyətə düşən yol sürücüləri çox narahat edirdi. Üstəlik, burada yolun işıqlandırılması da yox səviyyəsində idi. İndi isə bu yolun xeyli hissəsi təmir olunub. Üstəlik, həmin yolda qəzaların sayını azaltmaq üçün beton arakəsmələr də qoyulub. Bəzi sürücülər narazılıq etsələr də, hər addımbaşı qarşı yola çıxaraq dönmə əməliyyatı apara bilməyəcəklər. Yolda yeni işıq dirəkləri quraşdırılıb.
Paytaxtda sürücülər üçün daha bir yenilik "Beşmərtəbə" dairəsindədir. Uzun illərdir, həmin dairədə sürücülər qayda pozuntusuna yol verərək dairəyə daxil olmuş avtomobilləri gözləmirdilər. Hazırda isə yol polisləri həmin dairəni nəzarətə götürüb və dairədə olan avtomaşınlara yol verməyən sürücülərə cərimə tətbiq olunur. "Beşmərtəbə" dairəsindən Heydər Əliyev Sarayına tərəf gedən yolda da yenilik var. Bu yolda Sarayın arxasından sola dönməyə icazə verilir. Həmin istiqamətdə hərəkət edərkən işıqdan sola dönməklə düzünə hərəkətə icazə var. Düzdür, burada bir çatışmazlıq var ki, dönmək üçün yalnız asfaltın üstündə dönmə nişanı qoyulub. Yəqin ki, yaxın vaxtlarda görünən yerdə də nişan qoyulacaq.
Bu yaxınlarda təmir olunan Tbilisi prospektində isə yenilik ondan ibarətdir ki, prospektdə yerləşən yanacaqdoldurma məntəqəsinin qarşısından geriyə dönməyə icazə verilir.
Sürücülər üçün maraqlı yeniliklərdən biri də Salyan yolunda, daha dəqiq desək, Şıx çimərliyinin qarşısından keçən yoldadır. Burada bir müddət əvvəl hərəkət sürəti 60-90 arası dəyişirdi. Sonradan bunu 110 km. saata qaldırdılar. Lakin artıq bir aya yaxındar ki, həmin yolda hərəkət sürətinə yenidən dəyişiklik edilib. Belə ki, şəhərdən çıxan istiqamətdə sürət həddi 60 km göstərilsə də, Dostluq çimərliyinin qarşısından o yana 110-a qalxır. Yolun əks istiqamətində, yəni şəhərə daxil olan hissəsində isə hərəkət sürəti 110-dan 90-a, Dostluq çimərliyinin qarşısında isə 60-a salınır. Həmin ərazidə müşahidə kamerası və radar da var.
Sonda onu deyək ki, Mərkəzi Bankın qarşısındakı avtobus dayanacağında yol bir qədər genişləndirilib. Səbəb isə budur ki, həmin dayanacaqda avtobuslar yan-yana dayananda tıxac yaranırdı.