ABŞ-dan ciddi xəbərdarlıq: Əgər Əsəd Rusiya və İranın vədlərini üstün tutsa...
ABŞ Dövlət Departamentinin katibi Con Kerri Münhen razılaşmasından sonra Bəşər Əsəd qüvvələri tərəfindən atəşkəsin pozulacağı təqdirdə Suriyaya quru qoşunları yeridiləcəyini bildirib. APA TV-nin Rusiya saytlarına istinadən xəbərinə görə, o deyib ki, əgər Əsəd üzərinə düşən öhdəlikləri yerinə yetirməsə və Rusiya ilə İranın vədlərini daha üstün tutsa bu addım qaçılmaz olacaq.
"Belə olan halda biz baş verənlərə reaksiyasız qalmayacağıq və bu imkan verəcək ki, biz Suriyada yer üstü əməliyyatlara başlayaq", - deyə o əlavə edib.
Xatırladaq ki, Almaniyanın Münhen şəhərində Suriyada bir həftəlik atəşkəs elan edilməsi barədə razılıq əldə olunub.
Bu arada Bəşər Əsəd Türkiyənin və Səudiyyə Ərəbistanının Suriyaya qoşun yeridəcəkləri barədə adı çəkilən ölkələrin xəbərdarlığını xatırladıb və deyib ki, əgər bu baş verərsə, onlar cavabsız qalmayacaq. Əsəd deyib ki, Suriyaya göndərilən hərbçilərin hamısı vətənlərinə tabutda dönəcək.
Pentaqon rəhbəri Eşton Karter isə Suriyaya bu müddət ərzində hər hansı bir hərbi müdaxilənin olmayacağını bildirib və qeyd edib ki, əgər həmin ölkələr nə vaxtsa Suriyaya qoşun yeritsələr bu yalnız İŞİD-lə mübarizə xarakteri daşıyacaq.