Türkiyə İncirlik hava limanını Səudiyyə Ərəbistanının ixtiyarına verir - MÜHARİBƏ

Səudiyyə Ərəbistanı Türkiyənin İncirlik hərbi bazasına təyyarə göndərəcək. APA TV-nin Türkiyə mətbuatına istinadən xəbərinə görə, bu fikri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Münhendə jurnalistlərin suallarına cavab verərkən bildirib.  Suriya və İŞİD ilə mübarizə məsələsində Türkiyə və Səudiyyə Ərəbistanın başdan bəri quru əməliyyatlarının tərəfdarı olduğunu söyləyən Çavuşoğlu, "Bütün koalisiya toplantılarında biz İŞİD-lə mübarizə edəcəyiksə, belə əhatəli bir strategiya, nəticəsi olan strategiya lazımdır demişik," deyə qeyd edib.

 

"Quru əməliyyatları lazımdır. Belə bir strategiya olarsa, Türkiyə və Səudiyyə Ərəbistanı quru əməliyyatlarına girə bilərik. Türkiyənin İŞİD-lə mübarizədə istəksiz olduğu deyilir. Ancaq ən konkret təklifləri də Türkiyə edir. Səudiyyə Ərəbistanı indi Türkiyəyə təyyarə göndərir. İncirliyə. Gəldilər, kəşfiyyat işləri gördülər. Nə qədər təyyarə gələcək, sayları bəlli deyil. "Lazımdırsa, qoşun da yollaya bilərik" deyirlər. Bu Səudiyyə Ərəbistanın Suriyadakı terrorla mübarizə məsələsində qərarlılığının bir göstəricisidir".

 

Çavuşoğlu bildirib ki, buradakı terror təşkilatlarının arxasına sığınmaq yerinə 65 ölkə havadan, qurudan İŞİD terror təşkilatını təmizləməlidir. Belə olarsa, Rusiyanın "İŞİD-mi, Əsədmi?" kimi "Daha yaxşı şeytanı seçin" deməsi vəziyyətinə gəlinməz.

 

Xarici işlər naziri Rusiyaya qarşı heç kəsin səsini çıxarmadığını qeyd edib. "Rusiya 12 faiz İŞİD-i vurur, 88 faiz müxalifləri. Bu şəkildə müxalifət sıxışdırılar. Biz siyasi çözüm istəyirik. Bunun üçün Rusiyanın hücumlarının durması, mühasirənin dayanması, insani yardımların çatdırılması vacibdir. Rusiyanın məqsədi bəllidir. Əsəd! Əsas sual budur: Rusiyanı kim dayandıracaq? BMT-mi, NATO-mu, ABŞ-mı?"

Müəllif | Apa.Tv
Apa.tv