85 cür bağlana bilən aksessuar - QALSTUK

Qalstuk kişi geyiminin vacib aksessuarlarından biridir. Rəsmi strukturlarda çalışan kişilər adətən gündəlik geyimdə qalstukdan istifadə edirlər. Qalstuk işgüzar adamın xarakterini göstərir, onun nə qədər ciddi olduğunu və gördüyü işlərə ciddi formada yanaşdığını əks etdirir.  Qarderobunda heç olmasa 1 dənə də olsun qalstuk olmayan kişi təsəvvür etmək çox çətindir.

 

Qalstuk sözünün mənası boyun yaylığı deməkdir. Qalstuk boyuna bükülür və aksessuar kimi istifadə olunur. Amma Avropanın bir çox ölkələrində, fransız dilində qalstuk "kravat"  kimi səslənir. Bir çox Avropa ölkələrinə də bu söz fransız dilindən keçib.

 

Tarixə nəzər salsaq, qalstuk ilk dəfə Qədim Misirdə bir hissə parça formasında olub. Misirdə qalstuku kasıb təbəqədən seçilmək üçün istifadə edirdilər. Qədim Çində də qalstukdan istifadə olunub. Buna sübut kimi imperator Şixuandinin məzarının yanında ucaldılmış heykəllərin boynuna simmetrik şəkildə və qalstuk formasında bağlanmış parçalar göstərilə bilər. Amma o dövrdəki qalstuklar indiki qalstuklardan həm bağlanma, həm də  istifadə qaydası ilə fərqlənib.

 

Böyük Fransa inqilabı dönəmində qalstukun rəngi insanın siyasi məsləyini ifadə edirdi. 19-cu əsrdə Avropa modabazları yenidən bu aksessuarı dəbə mindiriblər. Həmin vaxtdan etibarən qalstuk sırf hərbçi və siyasətçilərin deyil, bütün insanların qarderobuna daxil oldu. Çox keçmədi  ki, bu dəb İngiltərəyə gedib çatdı. 19-cu əsrdə Londondakı avtobus sürücüləri qalstuk bağlamağa başladı. Həm də elə indiki formada.

 

1924-cü ildə amerikalı iş adamı Cessi Lanqsdorf tək və ideal qalstuk forması yaratdı. Bu, indiki dövrümüzə gəlib çıxan qalstukdur.

 

O vaxtlar qalstuklar o qədər möhkəm bağlanırdı ki, insanlar boyunlarını döndərmədən ətrafa baxa bilmirdilər. 1960-cı illərdə qalstuklar bir az gözdən düşsə də, 1970-ci illərdə yenidən məşhurlaşdı.

 

1979-cu il İranda islam inqilabı qələbə çalandan sonra hökumət idarələrində və digər rəsmi yerlərdə Qərb mədəniyyətinin simvolu kimi təqdim edilən qalstuk qadağan edildi.

 

Qalstukun rəngi və üzərindəki naxışlar geyim dəstinə uyğun olaraq seçilir. Gündəlik istifadə olunan qalstukların rəngləri çox vaxt tünd çalarlar, tünd gözə çarpmayan böyük naxışlarla bəzədilir. Tünd rəngli qalstuklar bir qayda olaraq açıq rəngli köynəklə taxılır. Qalstuk bağıamağın fərqli formaları var. Ümumilikdə qalstuku 85 cür bağlamaq mümkündür.

 

Uzun və mübahisəli keçmişi olan qalstuklardan bu gün dünyada təqribən 650 milyon adam istifadə edir. Bir ildə satılan qalstukların sayı isə 800 milyona yaxındır.

 

İndiki dövrümüzdə qalstuk rəsmi geyimdən əlavə daha çox toy-nişan mərasimlərində geyimi daha gözoxşayan göstərmək üçün istifadə edilir.

 

Qalstuku əksər vaxtlarda kişilərdən çox qadınlar daha yaxşı bağlayırlar. Ümumiyyətlə elə hesab edirlər ki, əgər qadın həyat yoldaşının qalstukunu bağlayıb işə yola salırsa, bu kişi üçün uğurlu hesab olunur.

 

Müəllif | Apa.Tv
Ayşən Əhməd