Medvedev Qərblə müharibənin başlandığını elan etdi - HƏLƏLİK "SOYUQ"

Rusiya hökumətinin başçısı Dmitri Medvedev NATO ilə Rusiya arasında soyuq müharibə başlandığını hesab edir. APA TV-nin Rusiya saytlarına istinadən verdiyi xəbərə görə, bu barədə o, Münhen Təhlükəsizlik Konfransındakı çıxışı zamanı bildirib.

"Biz NATO-nun Rusiyaya münasibətdə tutduğu siyasi xəttin dostluqdan kənar və qapalı olduğu qənaətindəyik. Bunu daha kəskin ifadə etmək olar - biz yeni soyuq müharibə dövrünə sürüklənmişik".

Onun sözlərinə görə, Rusiyanı hər zaman NATO, Avropa və Amerika üçün təhlükə adlandırırlar. Hətta, bu barədə rusların nüvə müharibəsini başladıqlarının təsvir edildiyi film də çəkilib.

Medvedev qeyd edib ki, hərdən indi hansı dövrdə - 2016 yoxsa, 1962-ci ildə yaşadığımız barəsində tərəddüd edirik. Onun qənaətincə, real dünyəvi təhlükələr tamam başqa amillərdə gizlidir.


Baş nazir eyni zamanda Avropadakı miqrasiya böhranını humanitar böhranla müqayisə edərək, qaçqın axınının olmasını qərbin demokratiya ənənələrinin buna hələ hazır olmayan ölkələrə təlqin edilməsi kimi dəyərləndirib.

"Mən həmkarlarımın "ərəb baharı" deyilən proseslərə necə sevindiklərini xatırlayıram. Bəs hanı o müasir demokratiya? Bu ölkələrdə, özü də İŞİD nümunəsindədirmi?", - deyə o əlavə edib.

O vurğulayıb ki, insanların tərk etdiyi ölkələrdən onlarla birgə insan kapitalı deqradasiyaya uğrayır, eyni zamanda həmin ölkələrin inkişaf perspektivləri də məhv olur. Öz növbəsində NATO-nun baş katibi Yens Stoltenberq Avropada raket əleyhinə müdafiə proqramının Rusiyaya qarşı yönəlmədiyini qeyd edərək, bu ölkəyə əməkdaşlıq təklif edib. Baş katib eyni zamanda Rusiyanın əsas rola malik olduğu İran nüvə razılaşmasını alqışladıqlarını bəyan edib.

Müəllif | Apa.Tv
Apa.tv