Göyçayda canavarların kəndə hücumu: 25 qoyunu parçaladılar
Göyçay rayonunda qoyun sürüsü canavar hücumuna məruz qalıb. APA TV-nin yerli bürosunun xəbərinə görə hadisə bu gün rayonun Yalman kəndində qeydə alınıb. Kənd sakinlərinə məxsus qoyunlar otlaq sahəsində olarkən qəflətən canavarların hücumuna məruz qalıb. Qoyun sürüsünə nəzarətçi şəxs hadisədən gec xəbər tutduğu üçün 4 canavar qısa vaxtda kənd sakinləri Nurlan Cəlalov və Elşən Cəlalova məxsus 11 baş qoyunu parçalayaraq öldürüb, 14 baş qoyuna isə ağır xəsarət yetiriblər. Yaralı qoyunlar baytar həkimlərin nəzarətinə götürülərək müalicə olunur. Ölən qoyunlar isə dezinfeksiya edilərək torpağa basdırılacaq.
Kənd sakinləri qış aylarında vəhşi heyvanların tez-tez kəndə hücum edərək qoyunlara və ev quşlarına ziyan vurduğunu deyirlər. Heyvandarlıqla məşğul olan şəxslər vəhşi heyvanların hücumundan qorunmaq üçün ov tüfəngindən istifadəyə icazə verilməsini istəyirlər. Kəndlilər canavar və caqqalların sayının xeyli artdığını və onların ev heyvanları ilə yanaşı insanlara, azyaşlı uşaqlara da hücum etdiyini deyirlər. Ov tüfəngindən istifadəyə görə cərimə tətbiq olunacağından ehtiyat edən sakinlər əziyyətlə bəslədikləri heyvanların gözlərinin qarşısında vəhşilər tərəfindən tələf edildiyini deyirlər. Kəndlilər canavarları öldürmək üçün deyil, heç olmasa qorxuzmaq üçün tüfəngdən havaya atəş açmağa icazə verilməsinə görə aidiyyəti qurumlardan kömək istəyirlər.
Qeyd edək ki, ötən ayın 18-də canavarlar Göyçayın Ləkçiplaq kəndində 7 nəfərə məxsus 15 baş qoyunu parçalamışdı.