Lənkəran-Lerik şosesində yenidən torpaq sürüşməsi qeydə alınıb

Yanvar ayında bölgəyə düşən intensiv yağıntılar Lənkəran-Lerik şosesində yenidən torpaq sürüşmələrinə səbəb olub. APA TV-nin Cənub bürosunun məlumatına görə,  ən gərgin vəziyyət yolun 27-ci kilometrliyində qeydə alınıb. Belə ki, torpaq sürüşməsinin əhatə dairəsi genişlənərək şose yolun asfalt qatını bürüyüb.

 

Mövcud vəziyyət yoldan mütəmadi istifadə edən sürücüləri də təşvişə salıb. Onlar müvafiq qurumlar tərəfindən təbii fəlakətin fəsadlarının aradan qaldırılması üçün bütün mümkün tədbirlərin görülməsini vacib sayırlar.

 

Sürücü İdris Əliyevin sözlərinə görə, əraziyə qar-yağış yağanda dağın yamacından axıb  gələn palçıq qatı yolu kəsir. Nəticədə avtomobillərin hərəkəti çətinləşir.

 

25 saylı Lerik Rayon Yol İstismar Sahəsinin baş mühəndisi Ziyafət İsmayılov APA TV-nin yerli bürosuna bildirib ki,  Lənkəran-Lerik şosesində daha çox aktivlik   yolun 17-29 və  46-53-cü kilometrliklərində müşahidə olunmaqdadır.

 

25 saylı Lerik Yol İstismar Sahəsinin baş mühəndisi Ziyafət İsmayılovun sözlərinə görə, sürüşmənin qarşısını almaq üçün qabaqlayıcı tədbirlər görülür:

 

”Biz sürüşmənin qarşısını almaq üçün qabaqlayıcı tədbirlər görürük, su kanalları təmizlənir, su axarları yol yatağından kənarlaşdırılır. Yolda genişlənmə və bərkitmə işləri görülməlidir, istinad divarları tikilməlidir”.

 

Hazırda bölgədə sabit  hava şəraiti hökm sürdüyündən  Lənkəran-Lerik şosesində nəqliyyatın hərəkətində hər hansı çətinlik müşahidə olunur. Bununla belə, yolda əsaslı təmir-bərpa işlərinin görülməsinə böyük ehtiyac var. 

 

Müəllif | Apa.Tv