Türkiyə Suriyanı yenə bombaladı: PYD Ankaranın tələblərini rədd etdi
Türkiyə Silahlı Qüvvələri növbəti dəfə PYD/PKK terror təşkilatının Suriyanın Hələb şəhərinin Azez qəsəbəsindəki mövqelərinə artilleriya zərbələri endirib.
APA TV-nin xəbərinə görə, bu barədə Türkiyənin rəsmi Anadolu Agentliyi məlumat yayıb.
Faktı Türkiyənin baş naziri Əhməd Davudoğlu da təsdiqləyib. Onun sözlərinə görə, YPG dərhal Azez qəsəbəsinin ətrafını tərk etməli və bura bir daha yaxınlaşmamalıdır. “Onlar həmçinin humanitar dəhlizi açmalı və bir daha ora yaxınlaşmamalı, “Minnak” aeroportundan Türkiyə və Suriya müxalifətinə qarşı istifadə etməməlidirlər. Bu aeroport dərhal azad edilməlidir” - deyə Davudoğlu bildirib.
Terror qruplaşmasının siyasi qanadı olan PYD-nin həmsədri Salih Müslim rəsmi Ankaranın tələblərini rədd etdiklərini açıqlayıb. Müslim “suriyalıların Türkiyənin müdaxiləsinə qarşı dirənəcəklərini” bildirib.
Bu arada ABŞ prezidenti Barak Obama və Rusiya prezidenti Vladimir Putin Suriyadakı son vəziyyəti müzakirə ediblər. Telefon danışığında Putin Obamaya terrora qarşı birgə mübarizə aparılmasının vacibliyini bildirib. Həmçinin prezidentlərin Münhen Təhlükəsizlik Konfransında Suriya ilə bağlı qəbul edilmiş qərarların həyata keçirilməsi ilə bağlı həmfikir olduqları qeyd edilib.