Davudoğlu: "PKK və YPG Rusiyanın işğalçılıq siyasətinin oyuncağıdır"
"Azezin YPG-nin əlinə keçməsinə icazə verməyəcəyik". APA TV-nin xəbərinə görə, bu fikri Türkiyənin baş naziri Əhməd Davudoğlu Ukraynaya səfərə gedərkən jurnalistlərə açıqlamasında bildirib.
Davudoğlu PYD lideri Salih Müslimin "Geri çəkilməyəcəyik" açıqlamasına cavab olaraq YPG-nin Azezdən uzaqlaşdırıldığını vurğulayıb: "Azezin tutulmasına icazə verməyəcəyik. Geri çəkilməsələr, hava limanı istifadə olunmaz hala gələcək".
Onun sözlərinə görə, Türkiyədə PKK, Suriyada YPG Rusiyanın aləti, onun işğalçılıq siyasətinin oyuncağıdır: "Bu gələcəkdə başqa problemlər yaradacaq. Rusiya Türkiyəni sıxışdırmaq üçün bu vasitələrdən istifadə edir. Dolayısı ilə bizim hərəkətimizin son dərəcə qanuni təməli var".
Baş nazir Türkiyənin Suriyadakı problemdən hər bir dövlətdən daha çox ziyan gördüyünü qeyd edərək, ölkəsinin təhlükəsizliyini təmin etmək üçün hər cür addım atacaqlarını vurğulayıb.
Qeyd edək ki, üç gündür Türkiyə Silahlı Qüvvələri toplarla YPG-nin mövqelərini bombalayır. Buna səbəb PKK-nın Suriyadakı qanadı olan YPG-nin Fəratın qərbinə keçməyə çalışmasıdır.