Azərbaycanın Həcc ziyarəti kvotası azaldıldı
Azərbaycanda bu il Həcc ziyarətinə gedəcək zəvvarlarla ilə bağlı kvota məlum olub, yaxın günlərdə ziyarətin qiymətləri açıqlanacaq.
Qafqaz Müsəlmanları İdarəsindən APA-ya verilən məlumata görə, Səudiyyə Ərəbistanı Krallığı ilə aparılan danışıqlar nəticəsində əldə olunan razılığa əsasən, bu il Azərbaycandan Həccə ən çox 1500 zəvvar gedə biləcək.
Hazırda Həcc ziyarətinin qiymətləri dəqiqləşdirilir və razılıq əldə olunan kimi ziyarət arzusunda olan zəvvarların sənəd qəbuluna başlanacaq.
Ötən il Azərbaycan üçün kvota 2400 nəfər təşkil edib. İdarədən bildirilir ki, bütün hallarda builki Həcc ziyarətində səfər xərclərinin əvvəlki illərə nisbətən artacağı gözlənilir. Buna səbəb kimi manatın dollara nisbətdə ucuzlaşması göstərilir.
Qeyd edək ki, ziyarət xərcləri artıq ötən ildən ABŞ dolları ilə hesablanır. Son Həcc ziyarəti zamanı daha yaxşı şəraitli hotellərdə qalmaq, bahalı yeməklərlə təmin olunmaq, o cümlədən hotellərdə 4 nəfərlik otaqlarda yerləşmək 5750 dollar, nisbətən ucuz şəraitli, 6 nəfərlik otaqlı hotellərdə qalmaq isə 4700 dollar olub.