Rusiya təyyarələri Suriyada məktəb və xəstəxananı bombaladı
Suriyanın şimalında yerləşən Aazaz əyalətində yerləşən xəstəxana, məktəb və digər obyektlərin bombalanması nəticəsində, ilkin məlumatlara görə, 14 nəfər ölüb, 30 nəfər yaralanıb.
APA TV-nin "Euronews"a istinadən xəbərinə görə, hava hücumlarına məruz qalan ərazi Hələbin yaxınlığında, Türkiyə ilə sərhəddə yerləşir.
Ukraynada səfərdə olan Türkiyənin baş naziri Əhməd Davudoğlu aviazərbələrin Rusiya Hərbi Hava Qüvvələrinə məxsus qırıcılar vasitəsilə endirildiyini bəyan edib. Rəsmi Moskva isə Türkiyə tərəfinin bu ittihamlarına heç bir reaksiya verməyib.
Daha öncə də Rusiya dəfələrlə Suriyada yerləşən mülki obyektlərə və Bəşər Əsəd rejiminə qarşı döyüşən üsyançılara aviazərbələrdə ittiham olunub.
Öz növbəsində rəsmi Moskva Suriyadakı böhranın indiyədək həll olunmamasını Türkiyənin qeyri-konstruktiv addımları ilə əlaqələndirib.