Əbülfəs Qarayev əcnəbi kino xadimləri ilə görüşüb
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının 90 illik yubileyi ilə bağlı ölkəmizə gələn Ukrayna, Gürcüstan, Latviya, Çexiya və Özbəkistandan olan kino xadimlərini qəbul etdi.
APA TV-nin məlumatına görə, Ə.Qarayev ölkəmizin kino sahəsində digər dövlətlərlə əməkdaşlığını yüksək qiymətləndirdi. Nazir bildirdi ki, kinostudiyanın 90 illiyini dövlət səviyyəsində qeyd ediləcək. Azərbaycanda kinonun inkişafı üçün dövlət proqramı var və həmin proqramdan irəli gələn məsələlər həll olunur.
Nazir əlavə etdi ki, son illərdə çəkilən filmlər beynəlxalq kino festivallarına dəvət alır və bir sıra filmlər beynəlxalq münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilib. Onun sözlərinə görə, Azərbaycanda yeni kinematoqrafçılar ittifaqı fəaliyyətə başlayıb. Bu ittifaq gənclərin çəkdiyi filmlərin nümayişini təşkil edir, kinonun inkişafı üçün bir sıra işlər görür.