Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasında - REYTİNQ
ABŞ-ın “Global Firepower” araşdırma mərkəzi dünyanın ən güclü ordularının siyahısını tərtib edib. Siyahıda Azərbaycan Ordusu da yer alır.
APA TV “Global Firepower”in saytına istinadla xəbər verir ki, 126 ölkənin yer aldığı reytinq siyahısında Azərbaycan ordusu 64-cü yerdədir.
Azərbaycan reytinqdə MDB ölkələrindən Qazaxıstan (66), Gürcüstan (75), Türkmənistan (90), Qırğızıstan (78) və Tacikistanı (81) arxada qoyub.
“Global Firepower” mütəxəssislərinin məlumatına görə, Azərbaycan Ordusunun heyəti 150 min, ehtiyatda olan hərbçilərin sayı isə 300 min nəfərdir. Qoşunların balansında 314 tank, 127 təyyarə (85 vertolyot, 18 hücum helikopteri və s), 1590 ədəd piyadaların döyüş maşını və digər hərbi döyüş texnikası var.
Ölkənin təqribi hərbi büdcəsi 3 milyard 185 milyon dollar təşkil edir.
Ermənistan 74-cü yerdə qərarlaşıb. Erməni ordusunun balansında 166 tank, 63 təyyarə, 636 piyadaların hərbi döyüş maşını var. Ermənistanın hərbi büdcəsi 225 milyon dollar civarındadır.
Siyahı hazırlanarkən orduların quruda, havada və dənizdə adi silahlardan istifadə imkanları, həmçinin ölkənin malik olduğu iqtisadi resurslar və coğrafi vəziyyət əsas götürülüb.
50-dən çox amil əsasında tərtib olunan reytinqin ilk onluğuna ABŞ, Rusiya, Çin, Hindistan, Böyük Britaniya, Fransa, Cənubi Koreya, Almaniya, Yaponiya və Türkiyə daxildir.
Qeyd edək ki, “Global Firepower”in reytinqi dünyanın ən məşhur və nüfuzlu reytinqlərindən biri sayılır.