AŞPA Bürosu Azərbaycanda keçiriləcək prezident seçkilərini müzakirə edib

“Azərbaycanda prezident seçkilərinin uyğun şəkildə keçiriləcəyini düşünürəm”.

 

APA TV-nin məlumatına görə, bunu Avropa Şurası Parlament Assambleyasının payız sessiyasının ilk iş günündə qurumun sədri Jan-Klod Minyon jurnalistlər üçün keçiridiyi ənənəvi brifinqdə deyib: “Bildiyiniz kimi, bu yaxınlarda assambleyamız gələn həftə Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı Bakıya özünün seçkiöncəsi müşahidə missiyasını göndərmişdi. Hesab edirəm ki, bu missiyanın səfəri tam uyğun bir şəkildə keçdi. Bu gün səhər missiyanın rəhbəri Robert Valter bu səfərlə bağlı öz hesabatını təqdim etdi və biz də lazım olan qeydləri nəzərə aldıq. Bundan başqa, missiyanın Bakıda verdiyi bəyanatı da nəzərdən keçirmişik. Eyni zamanda Azərbaycandakı seçkilərin uyğun bir şəkildə keçirilib-keçirilməyəcəyini müşahidə etmək məqsədilə assambleya yaxın günlərdə yenidən öz seçki missiyasını Bakıya yollayacaq".

 

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin sədri Səməd Seyidov da bu gün AŞPA Bürosunun iclaslarının başladığını bildirib. İclasda Azərbaycanda keçiriləcək prezident seçkiləri müzakirə edilib.

 

İngiltərəli parlamentar Robert Valterin rəhbərlik etdiyi 32 nəfərdən ibarət nümayəndə heyəti Azərbaycanda keçiriləcək prezident seçkilərini müşahidə etmək üçün oktyabrın 7-dən 10-na qədər Azərbaycanda səfərdə olacaq. Oktyabrın 10-da AŞPA missiyası Avropa strukturlarının digər müşahidə missiyaları ilə birlikdə mətbuat konfransı keçirərək ilkin rəyi açıqlayacaq.

 

Keçirdiyi brifinqdə AŞPA prezidenti Jan Klod Minyon assambleyanın Dağlıq Qarabağ üzrə Alt Komitəsində bu sessiya ərzində Azərbaycan və Ermənistan nümayəndə heyətləri arasında görüş keçirilib-keçirilməyəcəyinə dair APA TV-nin sualını da cavablandırıb.

 

Jan Klod Minyon bu məsələnin onun  AŞPA sədri kimi mandatımın ən önəmli istiqaməti olduğunu və belə bir nəticə əldə etməkdən məmnunluq duyduğunu deyib.

 

Müəllif | Apa.Tv
Apa.tv