Nazir Kəmaləddin Heydərov tikinti sahəsində fəaliyyət göstərən sahibkarlarla görüşdü

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov tikinti sahəsində fəaliyyət göstərən sahibkarlarla görüşüb.

 

APA TV-nin xəbərinə görə, nazir görüşün əsas məqsədinə toxunaraq, Azərbaycanda tikinti işlərinin sürətləndirilməsi və mövcud problemlərin aradan qaldırılmasının vacibliyini qeyd edib.


K.Heydərov bildirib ki, son 12 ildə Azərbaycanda ən çox inkişaf edən sahələrdən biri tikinti sektoru olub: “Həm dövlət investisiyaları, həm xarici, həm də yerli investorlarn iştirakı ilə aparılan tikinti işləri göz qabağındadır. Biz fəxr etməliyik ki, Bakı və digər şəhərlərimizdə aparılan tikinti-quruculuq işləri yüksək qiymətləndirilir, qonaqlar Bakının möcüzəli şəkildə inkişafını öz gözləri ilə görürlər”.

 

Nazir qeyd edib ki, nazirliyin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi əvvəllər Dövlət Tikinti və Arxitektura Komitəsinin nəzdində olub, həmin vaxt tikinti işlərinin aparılması ilə bağlı sənədləşmə 245 gündən çox çəkirdi. Agentlik  Fövqəladə Hallar Nazirliyinin tərkibinə veriləndən sonra isə bu müddət əhəmiyyətli dərəcədə azalıb, sənədləşmə asanlaşıb.


K.Heydərov deyib ki, lisenziyalar ləğv edilib, ancaq tikinti işlərinin keyfiyyətli aparılması nəzarətdə saxlanılacaq: "Yerli icra strukturu tərəfindən əvvəllər mövcud olan heç bir neqativ hallar ola bilməz. Tikintiyə icazədən tutmuş komissiya qəbul edənə qədər heç bir maneə ola bilməz. Əsas məsələlərdən biri odur ki, sizin təşkilatların sənədləşmə ilə məşğul olan adamları ilkin sənədləri elə tərtib etməlidirlər ki, gələcəkdə qeyri-müəyyən səbəblər doğmasın. Çünki bu elektron sistemdir".

 

Nazirin sözlərinə görə, bu, əslində tikinti sahəsində “vahid pəncərə” rolunu oynayacaq, digər müvafiq qurumlar da Fövqəladə Hallar Nazirliyindəki elektron bazadan bu məlumatları götürə biləcək. Bir sözlə, yaxın vaxtlarda nazirlik tərəfindən istifadəyə veriləcək elektron sistem tikinti sahəsində “vahid pəncərə” rolunu oynayacaq


K.Heydərov bildirib ki, yeni Tikinti və Şəhərsalma Məcəlləsi aparılan hüquqi islahatların tərkib hissəsi kimi hazırlanıb: “Tikinti çox mühüm sahədir, burada çoxlu sayda insan çalışır. Bu gün tikinti sahəsində istifadə olunan materialların əksər hissəsi Azərbaycanda istehsal olunur. Yerli istehsalçılar bilməlidirlər ki, yerli istehsalı qorumaq üçün tədbirlər görüləcək. Bundan sonra da tikinti şirkətləri bu sahədə heç bir maneə ilə üzləşməyəcək”.

 

Nazir gələcəkdə mühüm əhəmiyyətli obyektlərə texniki şərtlərin verilməsinin asanlaşdırılacağına da toxunub. Əvvəllər tikinti şirkətləri tərəfindən tikilən binalar qəbul aktları olmadan istifadəyə verilib: "Həmin binalar Fövqəladə Hallar Nazirliyi tərəfindən rəy alınmadan istifadəyə verildiyi üçün o binalarda yanğın təhlükəsizliyinin vəziyyəti barədə heç nə məlum deyil. Tutaq ki, o binalara elektrik enerjisinin verilməsi dayandırılanda sakinlər narazı qalır, dövlət qurumları da çətin durumla üzləşir. O binaları tikmiş şirkətlərin rəhbərləri isə üzə çıxmırlar. Ancaq yaxşı haldır ki, hazırda belə faktlar yoxdur, bunlar əvvəllər olub”.

 

K.Heydərov Bakının doqquz mikrorayonundakı 5, 7 və 9 mərtəbəli köhnə binaların sökülməsi, yerində yeni binaların tikilməsi üçün konsepsiyanın hazırlanmasına da toxunub. Bildirib ki, konsepsiyaya əsasən bu binaların sakinlərinin yeni binalara köçürülməsi, həmin binaların yerində yenilərinin tikilməsi nəzərdə tutulur: “Yeni tikilən binalardakı əlavə sahələr hesabına tikinti şirkətləri xərclərini təmin edə, gəlir də götürə biləcəklər. Fövqəladə Hallar Nazirliyi  də bu sahədə tikinti şirkətlərinə dəstək verəcək”.

 

Müəllif | Apa.Tv