Prezident İlham Əliyev Tovuzda bir sıra obyektlərin açılışını edib
Azərbaycan prezidenti İlham Əliyev Tovuz rayonuna səfər edib. APA TV-nin məlumatına görə, dövlət başçısı Heydər Əliyevin Tovuz rayonunun mərkəzində ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub.
Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalov dövlət başçısına məlumat verib ki, Heydər Əliyevin abidəsinin ucaldığı Heydər Əliyev Parkında əhalinin istirahəti üçün hər cür şərait yaradılıb.
Səfər çərçivəsində prezident İlham Əliyev yenidən qurulan Tovuz-Hunanlar-Qaraxanlı-Düz Cırdaxan avtomobil yolunun açılışında iştirak edib. Dövlət başçısı görülmüş işləri əks etdirən stendlərə baxıb. Məlumat verilib ki, bu avtomobil yolu 32 min əhalinin yaşadığı 13 məntəqəni əhatə edir. Dövlət başçısı yolun rəmzi açılışını bildirən lenti kəsib.
Prezident İlham Əliyev Tovuz şəhər 7 saylı körpələr evi-uşaq bağçasının açılışında da iştirak edib. O, körpələr evi-uşaq bağçasının rəmzi açılışını bildirən lenti kəsib, yaradılan şəraitlə tanış olub. Bildirilib ki, bağça 100 yerlikdir. İkimərtəbəli binada uşaqların təlim-tərbiyəsi və gələcəyin sağlam vətəndaşları kimi yetişmələri üçün hər cür şərait yaradılıb. Burada müasir təlim-tərbiyə qaydalarına riayət olunmaqla beş qrup fəaliyyət göstərəcək.
Prezident İlham Əliyev Tovuz rayonuna səfəri çərçivəsində Tovuzçay su anbarının açılışında iştirak edib. “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə dövlət başçısına həyata keçirilən işlər barədə ətraflı məlumat verib. Bildirilib ki, Tovuzçay su anbarı respublikanın qərbində, Tovuzçay və Axıncaçay çaylarının birləşdiyi ərazidə, Tovuz şəhərinin yaxınlığında yerləşir. Anbarın su hövzəsinin sahəsi 160 hektar, uzunluğu 2,6 kilometrdir. Prezident İlham Əliyev burada Tovuz rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb. Dövlət başçısı daha sonra Tovuzçay su anbarını işə salıb.
Prezident İlham Əliyev Tovuz rayonuna səfəri çərçivəsində Qovlar şəhərindəki Gənclər Evinin açılışında da iştirak edib.
Gənclər və idman naziri Azad Rəhimov prezidentə məlumat verib ki, Gənclər Evinin binası zirzəmi ilə birgə dörd mərtəbədən ibarətdir. Ərazisi 4400 kvadratmetr olan Gənclər Evinin binası respublikada ən böyük gənclər mərkəzlərindən biridir. Burada istedadlar, ünsiyyət və gənclərin intellektual klubları fəaliyyət göstərəcək.