Bərdədə 96 baş qoyunu oğurlayan dəstə saxlanıldı
15 gün öncə Bərdənin Hacallı kəndindən 96 baş qoyunu oğurlayan dəstə yaxalanıb.
Bərdə rayon Polis Şöbəsində APA TV-nin Qarabağ müxbirinə verilən xəbərə görə, oğurluq edən şəxslərdən biri heyvanların sahibinin qardaşı oğlu Namiq Musayevdir.
İstintaqa ifadəsi zamanı Namiq Musayev əmisi oğlu ilə ədavəti olduğunu və bu səbəbdən də onların heyvanlarını oğurladığını deyib. O, heyvanları Elşən Hidayətzadə və Sərvər Nəcəfovla əlbir olaraq oğurlayıb.
Hazırda polis əvvəllər məhkumluğu olmayan dəstə üzvlərinin digər cinayətlərdə əli olub-olmadığını araşdırır.
Niyazi Zeynalov, istintaq bölməsinin rəisi: "3 fevral 2016-cı il tarixdə Bərdə rayonunun Hacallı kənd sakini Famil Musayev Bərdə Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək bildirib ki, həmin regiona məxsus 96 baş qoyun və quzuları oğurlanıb. Faktla bağlı istintaq bölməsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi istintaqı aparılıb. Keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində cinayəti törətmiş şəxslər - Elşən Hidayətzadə, Namiq Musayev və Sərvər Nəcəfov polis əməkdaşları tərəfindən tutularaq istintaq bölməsinə təqdim edilib. Həmin şəxslər barədə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində həbs-qətimkan tədbiri seçilib".
Qeyd edək ki, Bərdə rayonunun Hacallı kənd sakini Famil Musayevə məxsus 96 baş xırdabuynuzlu heyvan fevralın 3-ə keçən gecə oğurlanıb. Qoyunların bir qismi fevralın 6-da F.Musayevin tövləsindən təqribən 5 km uzaqlıqda - Ağcabədinin Qaravəlli kəndi ərazisindəki əkin sahəsində tapılıb. Qaravəlli kənd sakini Təzahim Quliyev sahibsiz qoyunların otladığını görüb polisə məlumat verib. Araşdırma zamanı həmin qoyunların F.Musayevə məxsus olduğu məlum olub və tapılan 57 qoyun sahibinə təhvil verilib. Qoyunların aşkarlandığı ərazinin yaxınlığında isə yırtıcılar tərəfindən parçalanmış 4 qoyun cəsədi tapılıb.