İmişlidə iki yük maşını toqquşdu

İmişlidə iki yük maşını toqquşub, 2 nəfər ağır xəsarət alıb. APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, avtoqəza İmişli rayonunun Bəcirəvan kəndi ərazisində qeydə alınıb.

 

Rayonun Qaralar kənd sakini, 25 yaşlı Qənbərov Samir İlqar oğlunun idarə etdiyi "KamAZ" markalı yük maşını qarşıdan gələn "SHACMAN" markalı yük maşını ilə toqquşub. Nəticədə "KamAZ"ın sürücüsü və "SHACMAN" markalı avtomobildə olan sərnişin, 25 yaşlı Babək Güloğlan oğlu Fəzilli müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb.

 

Yaralılar İmişli Mərkəzi  Rayon Xəstəxanasına çatdırılıb, onların vəziyyətinin ağır olduğu bildirilir. Yaralılardan birinin vəziyyəti ağır olduğundan, Bakı şəhərinin xəstəxanalarından birinə göndərilib. Hadisəyə səbəb sürücülərin dumanlı havada yaranmış vəziyyəti düzgün qiymətləndirməməsi olub.

 

Faktla bağlı İmişli Rayon Polis Şöbəsində araşdırma aparılır.

Müəllif | Apa.Tv
Əlibəy Zeynallı