Türkiyə Suriya sərhədinə 15 min əsgər və ağır hərbi texnika yeritdi - HÜCUM ƏMRİ GÖZLƏNİLİR
Türkiyə Suriya ilə sərhəd bölgələrə xeyli sayda artilleriya silahları, tank və zirehli maşınlardan ibarət hərbi texnika, eləcə də 15000 əsgər yerləşdirib.
APA TV-nin Türkiyə mətbuatına istinadən xəbərinə görə, sərhəddəki hərbi aktivlik fonunda Suriyadan ölkə ərazisinə yeni qaçqın dalğasının axın edəcəyi ilə bağlı ehtimallar da mövcuddur.
Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahından verilən məlumatda sözü gedən hərbi texnika və əsgərlərin Kilis bölgəsindəki sərhəd ərazilərdə cəmləşdirildiyi qeyd olunub. Suriya ilə sərhəd bölgələrinə hərbi birləşmələrin yerləşdirilməsi Baş Qərargah tərəfindən hazırlanan yeni hərbi strategiyada öz əksini tapıb. Baş Qərargahdan verilən açıqlamada göndərilən hərbçilərin sərhəd bölgəsində təhlükəsizliyi daha etibarlı şəkildə təmin edəcəkləri bildirilib.
Həmçinin bu zaman YPG-nin mülki əhalinin yaşadığı ərazilərdə türk əsgərləri ilə qarşıdurmaya gedə biləcəyi də nəzərə alınıb. Eyni zamanda Türkiyə Baş Qərargahının yaydığı məlumatda sərhəddə cəmləşdirilən əsgərlərin Ankaradan gələcək əmri gözlədikləri qeyd olunub.