Prezident İlham Əliyev Gəncədə bir sıra obyektlərin açılışında iştirak edib

Azərbaycan prezidenti İlham Əliyev fevralın 17-də Gəncə şəhərinə səfərə gəlib. APA TV-nin xəbərinə görə, dövlət başçısı ümummilli lider Heydər Əliyevin Gəncə şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edib.

 

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev ərazidə aparılan yenidənqurma işləri barədə prezident İlham Əliyevə məlumat verib.

 

Daha sonra prezident İlham Əliyev Gəncədə Abbas Səhhət adına 1 nömrəli şəhər xəstəxanasında aparılan əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub.

 

Azərbaycan prezidenti Gəncədə Mir Cəlal Paşayev adına 39 nömrəli tam orta məktəbin binasının açılışında da iştirak edib. Dövlət başçısı məktəbin rəmzi açılışını bildirən lenti kəsib. Prezident İlham Əliyevə məktəbin əsaslı təmiri və yeni tədris korpusunun tikintisi barədə məlumat verilib. Qeyd olunub ki, məktəbin 930 şagird yerlik mövcud binası Heydər Əliyev Fondunun təşəbbüsü ilə əsaslı təmir edilib. Məktəbin 1200 şagird yerlik yeni korpusu isə şəhər icra hakimiyyətinin sifarişi ilə dövlət büdcəsi vəsaiti hesabına tikilib.

 

Gəncədə 240 yerlik körpələr evi-uşaq bağçasında əsaslı təmirdən sonra yaradılan şəraitlə tanışlıq zamanı bildirilib ki, binada uşaqların gələcəyin sağlam vətəndaşı kimi yetişmələri üçün hərtərəfli imkanlar var. Azərbaycan Prezidenti körpələr evi-uşaq bağçasının binasının rəmzi açılışını bildirən lenti kəsib. Diqqətə çatdırılıb ki, bağçada 9 qrupda hazırda 164 körpə var. Onlardan 64-ü “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyində çalışan işçilərin övladıdır. 

 

Daha sonra prezident İlham Əliyev “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin fəaliyyəti ilə tanış olub. Dövlət başçısı müəssisənin işini müsbət qiymətləndirib.

 

“Gəncə - 2016-cı il Avropa Gənclər paytaxtı” parkında yaradılan şəraitlə tanış olduqdan sonra prezident İlham Əliyev “Nizami” yarımstansiyasının açılışında iştirak edib və yarımstansiyanı işə salıb.

 

Dövlət başçısı Gəncə Dövlət Filarmoniyasının binasında tikinti işlərinin gedişi ilə də tanış olub. Məlumat verilib ki, burada 1200 tamaşaçı yeri olan konsert zalı, açıq havada yay kinoteatrı, rəsm qalereyası, urban mərkəzi, baxış qülləsi yaradılacaq. Binada iaşə obyektləri, həmçinin yeraltı qaraj və yardımçı xidməti otaqlar fəaliyyət göstərəcək. Binanın fasadında Azərbaycanın musiqi korifeylərinin heykəlləri qoyulacaq.

Müəllif | Apa.Tv
Apa.tv