Prezident İlham Əliyev Gəncədə “İmamzadə” dini kompleksində olub

Prezident İlham Əliyev Gəncədə “İmamzadə” dini kompleksində aparılan əsaslı təmir və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub.

 

VIII əsrə aid tarixi memarlıq abidəsi - xalq arasında “Göy günbəz”, “Göy məscid” yaxud “Göy İmam” kimi tanınan “İmamzadə” kompleksi Gəncə şəhərinin və bütövlükdə ölkəmizin ən dəyərli memarlıq abidələrindən biri hesab edilir. Bu kompleksin ən qiymətli abidəsi türbədir. Burada beşinci imam Məhəmməd Baqirin oğlu İbrahim dəfn olunub.

 

Prezident İlham Əliyev respublika ictimaiyyətinin nümayəndələri və din xadimləri ilə görüşüb. Dövlət başçısı mərasimdə çıxış edib.

 

“İmamzadə” abidəsi bizim ümumxalq sərvətimizdir. “İmamzadə” abidəsi bütün müsəlman aləminin qiymətli, dəyərli abidəsidir. Azərbaycan xalqı əsrlər boyu ictimai-siyasi quruluşdan asılı olmayaraq, bu abidəni qoruyub, qoruyur və bundan sonra da qoruyacaq. “İmamzadə” bizim milli sərvətimizdir”, - prezident çıxışında deyib.

 

 

Şeyxülislam Allahşükür Paşazadə dövlət başçısına “Qurani-Kərim” hədiyyə edib.

 

Prezident İlham Əliyev “İmamzadə” kompleksində yaradılan şəraitlə tanış olub. Bildirilib ki, burada yenidənqurma və abadlıq işlərinə 2010-cu ilin mayında başlanılıb. “İmamzadə” kompleksinə daxil olarkən ilkin tikili 17 metrlik Baştağ - portaldır. Bu portalın ümumi uzunluğu 24, eni 7,5, hündürlüyü isə 17 metrdir. Keçid darvazanın hər iki tərəfində mişar daşından yardımçı otaqlar tikilib. Kompleksin abadlaşdırılan ərazisi 10 hektardır ki, onun da 5,8 hektarı ziyarətgahın mövcud sahəsidir. Ümumilikdə 6 hektar sahə hasara alınıb və kərpiclə üzlənib.

 

Kompleksdə ümumi sahəsi 2 min kvadratmetrdən çox üçmərtəbəli əsas bina inşa olunub. Buraya qadın və kişilər üçün dəstəmazxanalar, anbar, inzibati və texniki otaqlar, mehmanxana daxildir. Kompleksdə qadın və kişilər üçün ayrı-ayrılıqda iki namaz zalı var. Binada xəttatlıq və kaşı materialları ilə üzləmə işləri yüksək sənətkarlıqla yerinə yetirilib. Ziyarətçilərin ixtiyarına dini kitabxana, konfrans zalı, muzey də verilib.

 

Dövlət başçısı beşinci imam Məhəmməd Baqirin oğlu İbrahimin məzarının yerləşdiyi türbədə olub.

 

Kompleksin ziyarətgah binası da müasir səviyyədə qurulub. Ziyarətgahda qədimliyi saxlamaq şərtilə hündürlüyü 45 metr olan iki minarə, iki namaz zalı və ziyarət zalı tikilib. Ziyarətgahın ümumi hündürlüyü 28 metr, tikinti sahəsi isə 842 kvadratmetrdir.

 

“İmamzadə” kompleksində ümumi sahəsi 220 kvadratmetr olan qurbangah binası da inşa edilib. Ziyarətgahın 1000 nəfərlik zal və mətbəxdən ibarət ehsanxanası da var. Mərasim zalının ümumi sahəsi 1300 kvadratmetrdir.

 

Kompleksdə dini ayinlər üçün Hüseyniyyə və Zeynəbiyyə ibadət zalları var. Günbəzlərin interyeri yağlı boya ilə nəbati naxışlarla işlənib, eksteryeri isə kərpiclə dekorativ şəkildə örtülüb.

 

Məlumat verilib ki, yenidənqurma işləri zamanı kompleksin ərazisinin abadlaşdırılmasına da xüsusi diqqət yetirilib, 10 min kvadratmetr sahə asfaltlanıb, səkilərə bəzək daşları döşənib, müasir işıqlandırma sistemi quraşdırılıb. Burada 40 min kvadratmetrə yaxın sahədə yaşıllıq zolağı yaradılıb, 7 min kvadratmetr sahəyə döşəmə daşları döşənib, min avtomobil yerlik iki dayanacaq tikilib.

 

Sonda Prezident İlham Əliyevin adından “İmamzadə” dini kompleksində ehsan süfrəsi açılıb.

Müəllif | Apa.Tv