Ərdoğan Bakıya gələ bilmədi: Azərbaycan-Türkiyə zirvə toplantısı təxirə düşdü

Ankarada çoxsaylı insan itkisi ilə nəticələnmiş terror aktından sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın bu gün Azərbaycana planlaşdırılan səfəri təxirə salınıb. APA TV-nin məlumatına görə, bu barədə Türkiyənin rəsmi "Anadolu" agentliyi xəbər yayıb.

 

Qeyd edək ki, bu gün Bakıda Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının V iclası keçiriləcəkdi.

 

Rəcəb Tayyib Ərdoğan Azərbaycan prezidenti İlham Əliyevə zəng edib. Bu bu barədə Azərbaycan prezidentinin mətbuat xidməti məlumat yayıb. Prezident Rəcəb Tayyib Ərdoğan deyib ki, o, Ankarada baş vermiş terror aktı ilə bağlı Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasında iştirak etmək üçün fevralın 18-də Bakıya gələ bilməyəcək. Azərbaycanın dövlət başçısı Ankarada törədilmiş terror aktını qətiyyətlə pisləyib, həlak olanların ailə üzvlərinə, prezident Rəcəb Tayyib Ərdoğana və Türkiyə xalqına şəxsən öz adından və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verib, faciə qurbanlarına Allahdan rəhmət diləyib.

 

Prezidentlər Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasının keçirilməsinin vaxtını bir qədər sonra müəyyənləşdirmək barədə razılığa gəliblər.

 

Türkiyənin baş naziri Əhməd Davudoğlu da bu gün Brüsselə planlaşdırılan səfərini təxirə salıb.

Müəllif | Apa.Tv
Apa.tv