Sabunçuda ikiotaqlı ev və 25 min manat pul kül oldu
Bu gecə Bakının Sabunçu rayonunda yanğın hadisəsi baş verib. APA TV-nin məlumatına görə, Albalılıq-1 yaşayış massivində Teymur Rzayevə məxsus ümumi sahəsi 130 kv. m olan birmərtəbəli ev yanıb.
Yanğın zamanı evdə Teymur Rzayevin həyat yoldaşı və iki azyaşlı nəvəsi olub. Hadisə yerinə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin 5 yanğınsöndürmə maşını və canlı qüvvəsi cəlb olunub.
Əzizə Rzayeva, ev sahibi: “Qazı birdən güclü verdilər. O an səs gəldi, “kolonka” partladı. Çıxdım gördüm ki, evin damı başlayıb yanmağa. Mən də yalnız onu eləyə bildim ki, uşaqları götürdüm çıxdım. Hər şey kül oldu. Bir çöp də çıxara bilmədim evdən”.
Gülzar Ağayeva, qonşu: “Qızım pəncərədən baxanda gördü. Dedi ki, “mama, Əzizə xalagilin evi yanır. Mən darvazadan çıxanda ev üstündən alışıb yanırdı. Birinci tavan yandı, sonra otağa keçdi. Gözümüzün qabağında yandı hamısı. Hətta həyətə girmək də mümkün deyildi. Adam çox idi burda. Qonşular gəlmişdi. Amma heç kim içəri girməyə cürət eləmirdi”.
Evdə olan əşyalar və 25 min manat nağd pul yanaraq kül olub. Alov söndürülüb. Yaxınlıqdakı tikililər yanğından mühafizə edilib. Faktla əlaqədar araşdırmalara başlanılıb.
Hadisə ilə bağlı FHN də məlumat yayıb. APA TV-nin nazirliyin saytına istinadən verdiyi məlumata görə, vətəndaşa məxsus ümumi sahəsi 130 kv. m olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.