Prezident İlham Əliyev: “Korrupsiya Azərbaycandan tamamilə silinməlidir”
Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin yeni inzibati binası istifadəyə verilib. İnzibati binasının açılış mərasimində iştirak edən prezident İlham Əliyevə məlumat verilib ki, 5 və 7 mərtəbəli iki korpusdan, habelə 3 mərtəbəli yardımçı buna və yeraltı qarajdan ibarət binada müasir informasiya-kommunikasiya qurğuları quraşdırılıb. Prezident İlham Əliyev həmçinin “161-Qaynar xətt” əlaqə mərkəzi və onun fəaliyyəti ilə tanış olub. Ölkə başçısı idarənin kollektivi ilə də görüşüb.
"Bu gün korrupsiya qarşı mübarizə prioritet məsələdir. Bu mübarizədə yaxşı nəticələr var. Korrupsiyaya qarşı Mübarizə İdarəsinin işi yüksək qiymətləndirilməlidir. Və əminəm ki, gələcək illərdə bu sahədə uğurlar əldə ediləcək. Korrupsiya Azərbaycandan tamamilə silinməli, olmamalıdır. O da həqiqətdir ki, hər bir cəmiyyətdə, hər bir ölkədə korrupsiya var. Ancaq əsas məsələ onun dərəcəsidir. Və onun əhatə dairəsidir. Biz korrupsiya üçün dairəni daima daraltmalıyıq. Burada müxtəlif üsullardan biz istifadə edirik və edəcəyik. İlk növbədə əlbətdəki cəza tədbirləri daha da ciddi olmalıdır".
Prezident bildirib ki, şəffaflıq indeksinə görə, Azərbaycan dünya miqyasında ön plandadır: "Bizim beynəlxalq təşkilatlarla əlaqələrimiz güclənir. Mənə verilən məlumata görə, Beynəlxalq Antikorrupsiya Akademiyası ilə sıx əlaqə var. Biz bu sahədə inkişaf etmiş ölkələrin təcrübəsini tam şəkildə tətbiq etməliyik. Əlbəttə ki, Azərbaycanın öz tarixi, öz xüsusiyyətləri var. Və biz dünyada mövcud olan ancaq ən müsbət təcrübəni Azərbaycanda tətbiq edirik və bundan sonrada tətbiq edəcəyik”.
Daha sonra prezident Korrupsiyaya qarşı Mübarizə İdarəsinin kollektivinə uğurlar arzulayıb.