Ömər Xəyyamın üçüncü məzarı başında - REPORTAJ

Qiyasəddin Əbu əl-Fəth Ömər ibn İbrahim Xəyyam Nişapuri  və ya sadəcə Ömər Xəyyam... Dahi Xorasan fars şairi, riyaziyyatçısı, təbibi, astronomu və filosofu.

 

Ömər Xəyyamın qəbri Nişapur şəhərinin ətrafındakı bu bağda yerləşir. Bu, şairin üçüncü qəbridir. Şair əvvəl başqa yerdə basdırılıb. Onun Nişapurun İmamzadə deyilən yerində kiçik qəbri olub. 60 il əvvəl məzar başqa bir yerə köçürülür, ardınca buraya gətirilir.                                                                 

 

Xəyyam 1048-ci ildə Səlcuqlular xaqanlığına tabe olan Xorasan vilayətinin Nişapur şəhərində sənətkar ailəsində anadan olub.

 

Xəyyam əvvəlcə dövlət qulluğunda çalışmaq üçün məmurlar hazırlayan Nişapur mədrəsəsində oxuyur. Gənc yaşlarında Nişapuru tərk edir və uzun sürən məşəqqətlərdən sonra Səmərqənddə qərar tutmalı olur. Təhsilini Bəlx və Səmərqənddə davam etdirir. O, riyaziyyat, həndəsə, fizika, astronomiya kimi dəqiq elmlərə yiyələnib, fəlsəfəni, sufiliyi, Quranşünaslığı, tarixi, hüquqşünaslığı dərindən öyrənib. Ərəb dilinə və ədəbiyyatına mükəmməl yiyələnən Ömər Xəyyam astrologiyanın, musiqi nəzəriyyəsinin mahir bilicisi olub.

 

Böyük filosof, riyaziyyatçı, rübailər ustası kimi məşhur olan Ömər Xəyyam Bəhmənyardan təhsil alıb. O, ensiklopedik alim İbn Sinanın "İşarələr və qeydlər" kitabını öz müəlliminin yanında mütaliə edib.

 

1074-cü ildə Nizam əl-Mülkün təkidi ilə İsfahanda saray rəsədxanasının rəisi təyin olunan Xəyyama yeni təqvim hazırlamaq tapşırılır. Təqvim hazırlanandan sonra onun praktik tətbiqi mümkün olmur. Ömər Xəyyam rəsədxanada astronomik müşahidələr də aparır. O, səma cisimlərinin hərəkətini uzun illər boyu müşahidə etməsi nəticəsində “Məlik şahın astronomik cədvəlləri”ni tərtib edir. Həmin cədvəllər orta əsr Şərqində geniş yayılmışdı.

 

1092-ci ildə ona hamilik edən Səlcuq şahı Məlik şahın və vəziri Nizam-əl Mülkün vəfatından sonra İsfahanı tərk etməli olur.

 

Yenə sərgərdan yaşam tərzinə məhkum olunan Xəyyam bir müddət Mərvdə Məlik şahın varislərindən birinin sarayında işləyir, amma ona çox arzuladığı yeni rəsədxana açmaq qismət olmur.

 

Ömər Xəyyam həm Şərqdə, həm Qərbdə özünün müdriklik, yumor və satira dolu, bəzən də bir qədər qaba səslənən rübailəri ilə məşhurdur. Şərqdə uzun müddət yaddaşlardan silinən Xəyyam rübailəri Avropaya Edvard Fitsjeraldın tərcümələri ilə qədəm qoyur və görünməmiş uğur əldə edir.

 

Çoxları onu bütün dünyada məşhur rübailərin müəllifi kimi tanıyır. 20-ci əsrin əvvəllərində batmış “Titanik” gəmisinin göyərtəsində 13 milyon sterlinq məbləğində sərvətlə yanaşı, Ömər Xəyyamın qədim əlyazması “Rubayyat”ın olduğu da deyilir. Xəyyam musiqinin riyazi nəzəriyyəsini də işləyib hazırlayıb.

 

Ömər Xəyyam həm də böyük riyaziyyatçılardan biri olub. Onun Günəş sisteminin heliosentrik nəzəriyyəsini Kopernikdən çox-çox əvvəl irəli sürdüyü bildirilir.

 

Xəyyam evlənməyib, qapalı həyat tərzi keçirib. Onu anlaya bilməyən, yaxud anlamaq istəməyən ruhanilərin daimi təqibləri altında, qorxu içində yaşayıb. Onun ölüm tarixi təqribən 1123-cü ilə təsadüf edir. Yazılanlara görə, o, həyatının son saatlarında İbn Sinanın "Şəfa kitabı"nı diqqətlə oxuyurmuş. "Tək və cəm" bölməsinə çatanda səhifələr arasına əlfəcin qoyub və yanındakılara vəsiyyət etməkdən ötrü lazımi adamları çağırmaq tapşırığı verib. Bütün günü heç nə yeməyib, heç su da içməyib. Axşam namazından sonra səcdəyə gedərək deyib: "Ay Allah, sən bilirsən ki, mən səni imkanım daxilində dərk etmişəm. Məni bağışla, mənim idrakım sənin qarşında xidmətimdir". Bununla da canını tapşırıb.

 

Ömər Xəyyam yaxınlarına deyirmiş ki, "məzarım elə yerdə olacaq ki, yaz fəslində əsən meh onu çiçəklərə qərq edəcək". Doğrudan da, belə olub. Qonşu bağın armud və qaysı ağaclarının qəbiristanlıq hasarından sallanan güllü-çiçəkli budaqları böyük mütəffəkkirin qəbrinə çətir tuturmuş.

 

Qəbri üstündəki bu abidəni Nadir Şahın abidəsini düzəldən Seyhun Huşəngi adlı memar hazırlayıb. Abidə Xəyyamın xarakterinə uyğun düzəldilib. Məqbərədə Xəyyamın bütün bildiyi, bələd olduğu sahələr əks olunub. Məqbərənin 10 dirəyi var. 10 birinci rəqəmdir ki, digər  ikirəqəmlilərlə davam edir. Həm də başlanğıcıdır. Hər dirəyin üzərində şairin 2 rübaisi var. Məqbərənin ətrafında 7 hovuz tikilib. Yeddi rəqəmi həm müqəddəslik rəmzi olaraq seçilib, həm də musiqidəki 7 notu simvolizə edir. Abidə günəş formasındadır. Xəyyam sözünün mənası çadır düzəldən deməkdir. Çünki şairin atası çadır düzəldən olub. Ona görə də məqbərənin ətrafında çadıra oxşayan üçbucaqlar var. Məqbərədə 30 dəlik var ki, bu bir ayda olan günlərin sayını ifadə edir. Ətrafında olan üçbucaqlar isə 12 guşəli ulduzu, yəni ilin aylarını göstərir.

 

Müəllif | Apa.Tv
Elvin Bayramlı