Xəzər Rayon Polis İdarəsində qanvermə aksiyası keçirildi

“Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı” Dövlət Proqramının icrası çərçivəsində Xəzər Rayon Polis İdarəsində qanvermə aksiyası həyata keçirilib.

 

APA TV-nin xəbərinə görə, Polis İdarəsinin 300-ə yaxın şəxsi heyəti aksiyada iştirak edib.

 

Həkim Günel Əliyeva bildirib ki, aksiyada polis əməkdaşları könüllü olaraq iştirak edib: "Heç bir problem yoxdur. Bütün aksiyalarda olduğu kimi, donorlar ilkin testlərdən keçdikdən sonra qanverməyə  göndəriliblər".

 

Polis çavuşu Royal Cavadzadə isə deyib ki, talassemiyalı xəstələrə kömək göstərməyi borc hesab edirlər: "Öz borcumuzu yerinə yetirib qan veririk. Əvvəl rəis və rəis müavinləri, daha sonra isə biz əməkdaşlar aksiyada iştirak etmişik".

 

Aksiya zamanı qan verən şəxslərə tam gigiyenik şəraitdə tibbi xidmət göstərilib. Toplanan qan Mərkəzi Qan Bankına təhvil veriləcək.

 

Respublika Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankının xüsusi tibb briqadası tərəfindən götürülən qan nümunələri laboratoriyada müayinə edildikdən sonra talassemiyalı və digər irsi qan xəstələrinin müalicəsində istifadə olunacaq.

 

Müəllif | Apa.Tv