Atlara ayaqqabı, yoxsa xeyir-bərəkət rəmzi - NALBƏNDLƏ MÜSAHİBƏ
Elə bilirsiniz, atların ayaqqabısı yoxdur? Var, adı naldır. Əslən Kəlbəcərdən olan nalbənd Fuad Çıraqov deyir ki, onların ailəsi bu sənəti 200 ildir, yaşadır. Nəsildən nəslə keçən sənət ona babasından yadigar qalıb. Fuad usta nalbəndliyin halal sənət olduğunu, övladlarını bu işlə oxutduğunu deyir. İndi də bu sənəti övladları davam etdirir. Sənətini çox sevir. Bunu kənardan müşahidə etdikdə daha yaxşı hiss etmək olur. APA TV-nin çəkiliş qrupu “Bəyazid” adlı atın nallanma prosesini izləyib.
Atı nallamaq üçün nalbənd ilk olaraq onun dırnaqlarını kəsir. İnsanın ayağına ayaqqabısı böyük ya da kiçik olduqda ya dəyişir ya da heç geyinmir. Bəs görəsən, nal atın ayağını narahat edirsə, necə hiss etdirir? Nalbənd deyir ki, atın ayaqlarına nal vurmaq savabdır. Onun sözlərinə görə nalı yalnız atın ayağına vurmaq üçün istifadə etmirlər. Bunun mistik tərəfləri də var. Kimisi onu evinin qapısına vurur, kimi də onu xeyir-bərəkət rəmzi kimi saxlayır. Nalbənd verdiyimiz suallara həvəslə cavab versə də, deyəsən “Bəyazid”in səbri tamam tükənmişdi. Bunu hərəkətləri ilə sübut edirdi. “Bəyazid”in üzərində nal vurmağı öyrənmək istəsəm də, səbri tükənmiş atı çox yormaq istəmədim. Dedim qalsın gələn dəfəyə. Bu müddətdə nalbənd atın qabaq ayaqlarının hər ikisini nalladı. Artıq at sürülməyə hazırdı.