Çavuşoğlu Bakıda: “Azərbaycanla terrora baxış bucağımızda heç bir dəyişiklik yoxdur”

“Azərbaycan xalqına göstərdiyi dəstəyə görə təşəkkür edirəm”.  APA TV-nin məlumatına görə, bunu Azərbaycanda səfərdə olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

 

“Terrorun hər formasına qarşı həmişəkindən daha çox birgə mübarizə aparmalıyıq. Terror üzündən Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclası baş tutmayıb. Tezliklə toplantı keçiriləcək. Azərbaycanla Türkiyənin əlaqələri daha da irəli aparmaq üçün iradəsi var. Azərbaycan bu il müstəqilliyinin 25 illiyini qeyd edəcək. Görüşdə bir sıra ortaq layihələri müzakirə etdik. Sabah mümkün olsa, Bakı-Tiflis-Qars dəmiryol xətti layihəsinə baxış keçirəcəyik. Beynəlxalq aləmdə Azərbaycanla Türkiyə birlikdə hərəkət edir. Qarabağ problemi daxil olmaqla, bütün məsələlərdə birlikdə hərəkət edirik. Fevralın 26-da Xocalı faciəsinin ildönümüdür. Bu hadisəni törədənləri lənətləyirəm və faciə qurbanlarına Allahdan rəhmət diləyirəm. Azərbaycanla terrora baxış bucağımızda heç bir dəyişiklik yoxdur” - deyə nazir qeyd edib.

 

"Terrorla mübarizədə inandığımız yoldan bizi heç kəs döndərə bilməz" deyən diplomat qeyd edib ki, Türkiyə PKK və PYD-YPG arasında heç bir fərq görmür: “Bu mübarizəmizi hər zaman davam etdirəcəyik. Hər dövlətin öz daxilindəki terror təşkilatlarını təmizləmək ən təbii hüququdur. Sərhəddə yaşayan insanlar orada bizdən terror təşkilatlarını təmizləməyimizi istəyir. PKK-dan ən çox təsirlənənlər oradakı kürd qardaşlarımızdır. Terroru təmizləyənə qədər mübarizəmizə davam edəcəyik. Azərbaycanla bu barədə heç bir fikir ayrılığımız yoxdur”.

 

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov isə bildirib ki, terrorla mübarizə genişmiqyaslı məsələdir: “Koalisiyaya qoşulmaq üçün təklif almışıq. Qərar hələ qəbul olunmayıb. Azərbaycanın koalisiyada hansı şəkildə iştirak edə biləcəyini müzakirə edirik”.

 

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı