Prezident İlham Əliyev: "Azərbaycan xalqı hər zaman olduğu kimi, türk xalqının yanındadır"

Azərbaycan prezidenti İlham Əliyev fevralın 18-də Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunu qəbul edib.

 

APA TV-nin xəbərinə görə, fevralın 17-də Ankarada törədilmiş terror aktı nəticəsində insanların həlak olması ilə bağlı Mövlud Çavuşoğluna və türk xalqına başsağlığı verən dövlət başçısı bu terrorun Azərbaycanı da sarsıtdığını vurğulayaraq, hadisənin ölkəmizdə qətiyyətlə pislənildiyini və qınanıldığını deyib.

 

Prezident İlham Əliyev həmişə olduğu kimi, bu ağır günlərdə də Azərbaycan xalqının türk xalqının yanında olduğunu qeyd edib: “Fevralın 17-də qardaşım, hörmətli Prezident Rəcəb Tayyib Ərdoğan axşam saatlarında mənə telefonla zəng etdi və bildirdi ki, bu hadisə ilə əlaqədar Bakıya gələ bilməyəcək. Təbii ki, biz bunu anlayırıq. Mən ona da Azərbaycan xalqının başsağlığını ifadə etdim, şəhid olanlara Allahdan rəhmət, yaxınlarına səbir və yaralı qardaşlarımıza şəfa dilədim”.

 

Prezident İlham Əliyev Türkiyə prezidenti üçün münasib olan bir vaxtda Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının növbəti iclasının ölkəmizdə keçiriləcəyi ilə bağlı razılaşdıqlarını da qeyd edib.

 

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu fevralın 17-də Ankarada törədilmiş terror aktı nəticəsində insanların həlak olması ilə bağlı verdiyi başsağlığına, qardaş Azərbaycan xalqının və şəxsən Prezident İlham Əliyevin hər zaman olduğu kimi, bu ağır günlərdə də Türkiyənin və türk xalqının yanında olmasına görə dövlətimizin başçısına minnətdarlığını bildirib.

 

Mövlud Çavuşoğlu son zamanlar Azərbaycanda iqtisadi, o cümlədən ölkə həyatının bütün sahələrinin inkişafı ilə bağlı qəbul olunan qərarların ölkəsində rəğbətlə qarşılandığını deyib və qardaş Azərbaycanın gələcəyi ilə bağlı prezident İlham Əliyevin liderliyi ilə görülən bütün işlərdə uğurlar arzulayıb.

Müəllif | Apa.Tv
Apa.tv