Xaçmazda ev quşları kütləvi şəkildə tələf olur

Xaçmaz rayonunun Dədəli kənd sakinlərinin təsərrüfatlarında ev quşlarının kütləvi tələf olması faktı aşkarlanıb.

 

Kənd sakinləri APA TV-nin yerli bürosuna bildiriblər ki, bu hal 10-15 gün əvvəl başlanıb. Qaz, hind quşu və toyuqlar arasında yayılan xəstəliyinin yaranma səbəbləri və yoluxma yolları məlum deyil.

 

Kənd sakini Böyükağa Yusifov hadisənin səbəblərinin müəmmalı olduğunu deyib: "Bizdə də olub. 30 dənə hind quşu, 80-dək toyuq ölüb. Səbəbini bilmirik. Dünən gəlib yoxlayıblar, indi bilinəcək səbəbi nədəndir".

 

Zahid Vahabov isə quşların bir aydan çoxdur tələf olmağa başladığını bildirib: "Bir ay, iki ay ərzində kənddə məlumat yayıldı ki, camaatın təsərrüfatında ev quşları kütləvi şəkildə tələf olur. Baxmayaraq ki, biz hamısına iynə vurduq, dərman verdik, heç bir təsiri olmadı. Hərəsinin həyətində 30 dənə, 40 dənə, 50 dənə ölüb. Bilmək olmur, axşama yığılırlar, səhər bir də görürsən ölürlər. Aparıb basdırırıq ki, heç olmasa, başqasına ziyan dəyməsin".

 

Quşlar arasında yayılan xəstəliyin araşdırılması məqsədilə Baytarlıq Elmi Təhqiqat İnstitutunun Quş xəstəlikləri laboratoriyasının və Xaçmaz Baytarlıq İdarəsinin əməkdaşları Dədəli kəndindəki təsərrüfatlara baş çəkib. Naməlum xəstəlik nəticəsində  tələf olan quşlardan nümunələr götürülüb. Laboratoriyada yoxlanıldıqdan sonra təsərrüfatlarda yayılan xəstəliyin baş vermə səbəbləri və amilləri müəyyənləşəcək.

 

Baytarlıq Elmi Təhqiqat İnstitutunun quş xəstəlikləri laboratoriyasının müdiri Mikayıl Mikayılov ilkin araşdırmanın nəticələrini açıqlayıb: "Patoloji yarma nəticəsində infeksional xəstəliklər aşkar edilmədi. Daxili orqanlarından nümunələr götürülüb, bakterioloji müayinə aparılacaq. Bu barədə məlumat veriləcək".

 

Xaçmaz Baytarlıq İdarəsinin rəisi Vasif Kəlbəliyev isə kənd sakinlərindən onlara heç bir müraciət daxil olmadığını söyləyib: "Bizə heç bir məlumat verilməyib. Bizə xidmətimiz tərəfindən məlumat veriləndən sonra bura gəlmişik. Vətəndaşlara görüş keçirmişik. Elə bir böyük itki də yoxdur. Hər qapıda 4-5 dənə, 10 dənə deyirlər ölüb, amma biz görmədik. Bizim tərəfimizdən də tədbirlər görüləcək. Bizim laboratoriya işçiləri gəlib analiz götürdülər. Yaxın müddətdə onların cavabları açıqlanacaq. Biz də imkanımız daxilində tədbirlər görəcəyik".

 

Ev quşları arasında yayıla biləcək xəstəliklərin qarşısının alınması, profilaktikası ilə bağlı kənd sakinləri ilə görüş keçirilib. Tədbirdə mütəxəssislərin tövsiyələri və sakinlərin problemləri dinlənilib, çıxış yolları müzakirə olunub.

 

Müəllif | Apa.Tv
Apa.tv