Kemeron bütün Avropaya qarşı: Britaniya Avropa İttifaqında qalacaqmı?

Avropa İttifaqı dövlət və hökumət başçıları Brüsseldə keçirilən zirvə toplantısında İngiltərənin Avropa İttifaqından ayrılmaması üçün tələb etdiyi islahatlar haqqında müzakirələr aparıb.

 

APA TV-in "Euronews"a istinadən xəbərinə görə, zirvənin ilk gününü qiymətləndirən Avropa İttifaqı Şurasının sədri Donald Tusk London hökuməti ilə keçirdikləri görüşlərdə məsafə qət etdiklərini qeyd edib.

 

"Toplantının gündəmlərindən biri də İngiltərə idi. Bu barədə onu deyə bilərik ki, irəliləyiş var, ancaq hələ də çox işimiz qalıb" - deyə Donald Tusk qeyd edib.

 

Sammitin digər müzakirə mövzusu isə qaçqınlar böhranı olub. Tusk problemin həlli üçün martın əvvəlində Türkiyə ilə xüsusi iclas keçirəcəklərini açıqlayıb.

 

Avropa Komissiyasının rəhbəri Jan Klod Yunker isə böhranla bağlı milli yanaşmaların problemin həllini çətinləşdirdiyini deyib. "Zirvədən əvvəl qaçqın probleminin həlli üçün bir Avropa yanaşmasına ehtiyac duyulmadığı haqqında şübhələr var idi. Ancaq bu şübhələr bu axşam aradan qaldırıldı. Biz səs çoxluğu ilə Avropa yanaşmasına olan ehtiyacı gördük. Milli yanaşmalar isə tövsiyə edilmir" - deyə o bildirib.

Müəllif | Apa.Tv
Apa.tv