ABŞ Liviyanı bombaladı: 40 ölü

Birləşmiş Ştatlar aviasiyası Tunisdəki terror aktlarının təşkilatçısını məhv etmək üçün İŞİD-in Liviyadakı düşərgəsinə aviazərbələr endirib.

 

APA TV-nin Rusiya mənbələrinə istinadən xəbərinə görə, hərbi təyyarələr Tunisdəki terror aktlarında vasitəçilik etmiş şəxsin məhvi məqsədilə İŞİD-in Liviyada yerləşən təlim düşərgəsini darmadağın edib.


Söhbət ötən il Tunisdə törədilən terror aktlarının təşkilində yaxından iştirak etmiş Nurəddin Şouşanın rəhbərlik etdiyi qruplaşmadan gedir. Sözügedən terror aktlarından biri ötən il martın 18-də törədilib. Həmin vaxt silahlı şəxslərin sərnişin avtobusuna, daha sonra yaxınlıqdakı muzeyə atəş açması nəticəsində 23 nəfər ölüb, 40-dan çox adam yaralanıb.

Aviazərbələr daha çox paytaxt Tripolinin qərbində yerləşən Sabrata şəhəri yaxınlığına endirilib. Hazırda Amerika kəşfiyyatı aviazərbələrin nə dərəcədə effektiv olduğunu müəyyənləşdirməyə çalışır. Şəhər merinin sözlərinə görə, Sabratada yerləşən evlərdən birinə endirilmiş aviazərbələr zamanı 40-dan çox insan həlak olub.


Hadisə yerindən işləyən jurnalistlərdən birinin dediyinə görə, ölənlərin əksəriyyətini yerli əhali təşkil edir. Onların bu evə müsəlman din xadiminin xütbələrini dinləmək məqsədilə toplaşdıqları bildirilir.

Müəllif | Apa.Tv
Apa.tv