DSX Sahil Mühafizəsinin yaradılmasının 11-ci ildönümü qeyd olundu

Bu gün Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin yaradılmasının 11-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

 

APA TV-nin xəbərinə görə, tədbirdə Dövlət Sərhəd Xidmətinin rəisi - Sərhəd Qoşunlarının komandanı, general-polkovnik Elçin Quliyev iştirak edib.

 

Tədbir iştirakçıları ilk olaraq Heydər Əliyev İdeoloji Mərkəzinə və Sahil Mühafizəsinin tarixini əks etdirən muzeyə baxış keçiriblər. Tədbirdə çıxış edən Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin rəisi, general-mayor Əfqan Nağıyev bildirib ki, sərhəd mühafizəsinin müasir tələblər səviyyəsinə qaldırılması, dövlət sərhədlərinin toxunulmazlığının təmin olunması istiqamətində davamlı dinamik inkişafa nail olunub.

 

Ə.Nağıyev qeyd edib ki, "Günəşli" neft yatağının 10 saylı dərin dəniz özülündə baş vermiş qəzanın aradan qaldırılması, habelə itkin düşənlərin axtarışı işində Sahil Mühafizəsi yaxından iştirak edib. O əlavə edib ki, ötən il 353 nəfər şəxs dəniz sərhədlərini pozduğuna görə saxlanılıb: “3 halda ölkəmizə narkotik vasitələrin keçirilməsinin qarşısı alınıb. 4 halda isə dənizdə batmaq təhlükəsi ilə üzləşən balıqçılar xilas edilib”.

 

Tədbirdə xidməti-döyüş fəaliyyətində yüksək nəticələr əldə etmiş bir qrup hərbi qulluqçu təltif edilib.

 

Sahil Mühafizəsinin xidməti-döyüş fəaliyyətini əks etdirən videogörüntülər nümayiş etdirilib.
 
Daha sonra Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik E.Quliyev “Şahdağ” və “Tufan” sərhəd gözətçi gəmilərinə baxış keçirib. Bildirilib ki, Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi hazırda Xəzər dənizində hər cür hava şəraitində dövlət sərhədinin mühafizəsini təmin etmək imkanlarına malikdir.


Qeyd edək ki, Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi Azərbaycan prezidenti İlham Əliyevin 18 fevral 2005-ci il tarixli sərəncamı ilə yaradılıb.

 

Müəllif | Apa.Tv