Macarıstandan Ağdaşa 400 baş inək gətirilib
Ağdaş rayonunda müasir tipli heyvandarlıq kompleksinin tikintisi başa çatmaq üzrədir. Ərəbocağı kəndində inşa olunan kompleksdə 1200 baş cins heyvan bəslənəcək. Ümumilikdə, 30 hektar ərazini əhatə edən kompleksdə beş böyük ferma, işçilər üçün evlər, ikimərtəbəli ofis binası, yem anbarı, nasosxana inşa edilib, hazırda isə yardımçı tikililərin inşası və ətraf ərazinin abadlaşdırılması istiqamətində işlər aparılır. APA TV-nin məlumatına görə, bu günlərdə kompleksə Macarıstandan 400 baş yerli şəraitə uyğun ətlik və südlük mal-qara gətirilib.
Kompleks müasir ferma avadanlığı, avtomatik yönləndirmə və yemləmə sistemləri, sağım avadanlığı, soyutma sistemləri və digər avadanlıqla təchiz edilib. Hər biri gün ərzində 25 litrdən çox südvermə qabiliyyətinə malik olan "Holstein Friesian" cinsindən olan inəklərin gündə 5 dəfə yemlənməsi üçün kompleksin lazımı yem ehtiyatı var. Kompleksdə bəslənən heyvanlar üçün bu il 1000 hektar əraziyə yonca toxumu, 500 hektar sahəyə isə yem üçün arpa və qarğıdalı səpilib və biçin aparılaraq lazımı qədər yem tədarük olunub.
Kompleksdə 110 nəfər daimi işlə təmin ediləcək.