Masallıda uşaq bağçasından oğurluq edən keçmiş məhkum tutuldu
Masallıda keçmiş məhkum oğuluq faktına görə yaxalanıb. Bu barədə APA TV-nin cənub bürosuna Masallı Rayon Polis Şöbəsinin (RPŞ) baş müstəntiqi Anar Xəlilov məlumat verib.
Onun sözlərinə görə, RPŞ əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Masallı şəhər sakini, 1975-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş Tofiq Yavər oğlu Ağayev şübhəli şəxs qismində saxlanılıb.
İlkin araşdırmalarla müəyyənləşdirilib ki, T.Ağayev müxtəlif vaxtlarda gecə saatlarında Masallı şəhərinin Həzi Aslanov küçəsində yeni inşa olunmuş uşaq bağçasının pəncərəsindən qanunsuz daxil olaraq oradan müxtəlif adda tikinti və məişət avadanlıqları oğurlamaqla 3600 manat dəyərində maddi ziyan vurub.
Polis şöbəsində saxlanılan şəxsin üzərinə baxış keçirilərkən onun cibindən şəxsi istehlak miqdarından artıq çəkidə - 9,741 qram narkotik vasitə olan tiryək aşkarlanaraq götürülüb.
Faktla bağlı Masallı RPŞ-də Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb, araşdırma aparılır.