Şirvanda küləkli hava yanğına səbəb oldu
Şirvan şəhərində Naxçıvan küçəsi, 28 ev 645 ünvanında yerləşən Kərimova Xuraman Gülşən qızına məxsus, ümumi sahəsi 126 kv. m olan birmərtəbəli, 4 otaqlı fərdi yaşayış evində yanğın baş verib.
APA TV-nin yerli bürosunun xəbərinə görə, yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Şirvan Dövlət Yanğından Mühafizə Hissəsinin 2 avtomaşını və canlı qüvvəsi cəlb olunub.
Yanğın söndürülsə də, evin dam örtüyünün yanar konstruksiyaları və ev əşyaları yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 19:50-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
İlkin ehtimala görə, yanğına küləkli havada elektrik naqillərində baş verən qısaqapanma səbəb olub. Faktla bağlı araşdırma aparılır.