Üç əsrin şahidi, 124 yaşlı Gözəl nənə erməni zülmündən danışır

Ağdaşda yaşayan 124 yaşlı Gözəl nənə dünyanın ən uzunömürlü sakinlərindəndir. 1918-ci ildə ermənilərin törətdiyi qırğınları öz gözləri ilə gördüyünü deyən nənə oktyabrın 9-da seçki məntəqəsinə gedərək səsvermədə iştirak edəcəyini bildirib.     

 

Üç əsrin şahidi olan Gözəl nənənin 5 övladı, 10 nəvəsi, 19 nəticəsi, 7 kötücəsi var. 1889-cu ildə Şamaxıda anadan olan Gözəl nənənin ailəsi kasıb və zəhmətkeş olub. O, beş övladını çox çətinliklə böyüdüb, boya-başa çatdırıb. Hazırda Ağdaşın Orta Qəsl kəndində yaşayan uzunömürlü Gözəl nənə APA TV-yə müsahibəsində öz ömrünün maraqlı məqamlarından, zaman-zaman ermənilər tərəfindən xalqımızın başına gətirilən müsibətlərdən danışdı: "1918-ci ilin mart-aprel ayında daşnak ermənilər bolşevik ruslarla birləşərək Şamaxının bir neçə kəndində qanlı qırğınlar törədib, əli yalın əhaliyə zülm edirdilər. Süd-qatığımızı, çörəyimizi əlimizdən alır, qab-qacağımızı murdarlayır, qadınları, qızları, uşaqları döyür, təhqir edirdilər, kişiləri öldürürdülər. Ermənilər Şamaxıdakı Cümə Məsçidinə insanları toplayaraq diri-diri yandırdılar, məsçidin imamını azan verdiyi yerdə öldürdülər. Bir kəndin əhalisinə zülm edərkən qonşu kəndlərin əhalisi ermənilərin gəlişini eşidib qaçırdılar. Beləcə kəndlər boşalırdı. Ermənilər də kəndləri dağıdaraq xarabazara çevirirdilər".

 

 

Nənə gözləri ilə gördüyü pislik və yaxşılıqları heç vaxt unutmur, bu barədə gənclərlə söhbətlər aparır, onlara dostumuzun və düşmənimizin kim olmasını çatdırır. O, deyir ki, əhalini ermənilərin zülmündən türk əsgərləri xilas etdilər: "Türk-Qafqaz İslam Ordusunun əsgərləri general Nuru Paşanın komandanlığı ilə əliyalın, silahsız və günahsız azərbaycanlı bacı və qardaşlarına köməklik göstərmək üçün Azərbaycana gəldilər. Onların gəlişini eşidib sevindik, bizə dedilər ki, hara qaçırsınız, qayıdın geri, türklər gəlib bizi xilas etməyə. Belə də oldu. Türk ordusu Azərbaycan əsgərləri ilə birləşib daşnak erməniləri və bolşevik rusları kəndlərimizdən qovub çıxardılar".

 Gözəl nənə 1941-1945-ci illərdə Böyük Vətən Müharibəsində arxa cəbhədə insanların və özünün ailəsinin necə aclıq keçirdiyindən və xəstəlikdən əziyyət çəkdiyindən danışır.O, təxminən 90 il kolxozda işləyib, üzüm, pambıq, taxıl yetişdirib, zəhmət çəkib, halal çörək qazanıb. Gənclik illərində tüfənglə sərras atəş açdığını, yaxşı at çapdığını deyən Gözəl nənə üzün müddət yaylaq və qışlaqda mal-qara bəslədiyini bildirir.

 

Nənə uzunömürlü, sağlam və gümrah olmasının sirlərini də açdı. Dedi ki, həmişə kənd təsərrüfatı işləri ilə, fiziki əməklə məşğul olub, halal pul qazanıb, süd-qatıq və tərəvəz məhsulları, balıqla qidalanıb.

 

Yaşının çox olmasına baxmayaraq, Gözəl nənə evdə, həyətdə sərbəst hərəkət edir, toyuq-cücə bəsləyir, özü yemək bişirir, paltar yuyur, çay dəmləyir. Uzun illər dərzilik edən Gözəl nənə həmişə kəndin qızlarının cehizlik yorğan-döşəyini hazırlayıb, xalça toxuyub, paltar tikib. İndi də normal görmə qabiliyyətinə malik olan nənə ev işlərini görərkən eynəkdən istifadə etmir. Onun yaddaşından da şikayəti yoxdur. Hələ indiyədək bir dəfə də olsun səhhəti ilə bağlı həkimə müraciət etməyən 124 yaşlı nənə heç bir dərman preparatı da qəbul etməyib. Gözəl nənə xarici görünüşünə görə onunla birgə yaşayan 83 yaşlı gəlinindən də cavan görünür. Gözəl nənəni bir sual düşündürür. O deyir ki, Azərbaycan uzunömürlülər diyarı sayılsa da, dünyanın uzunömürlü insanları sırasında onun adı niyə yoxdur? Onun ailəsi əmindir ki, əgər 124 yaşlı Gözəl nənənin adının “Ginnesin rekordlar kitabı”na salınması üçün müraciət edilsə və onun yaşını metrik ölçülərlə yoxlasalar, planetin ən qoca sakini olması faktı təsdiqlənər. Gözəl nənə 125 illik yubileyinin dövlət tərəfindən qeyd olunmasını istəyir. 

Müəllif | Apa.Tv
Elvin Yaqubov