Ankaradakı qanlı terrorun təşkilatçısı bəlli oldu
PKK terror təşkilatı ilə əlaqəli kürd terrorçuları Türkiyənin paytaxtı Ankaradakı terror aktına görə məsuliyyəti öz üzərlərinə götürüblər. APA TV xəbər verir ki, məlumatı “Reuters” agentliyi yayıb.
Özünü “Kürdüstanın azadlığı şahinləri” adlandıran terror qruplaşması bəyan edib ki, terror aktını onlar törədiblər. Qruplaşma xəbərdarlıq edib ki, qanlı əməllərini davam etdirmək niyyətindədirlər. Terrorçular addımlarının Türkiyə hökumətinin ölkənin cənub-şərqində apardığı siyasətə cavab olduğunu bildiriblər.
“Kürdüstanın azadlığı şahinləri” qruplaşması ABŞ-ın terror təşkilatları siyahısında yer alır. Qruplaşmanın adı Türkiyənin böyük şəhərləri və turizm bölgələrindəki terror aktlarında hallanır.
Qeyd edək ki, Türkiyənin bas naziri Əhməd Davudoğlu Ankaradakı terror aktının 24 yaşlı Saleh Necar tərəfindən həyata keçirildiyini bildirib.
Fevralın 17-də Ankarada Türkiyə Silahlı Qüvvələrinə məxsus avtobuslara terror hücumu olub. Partlayış nəticəsində 28 nəfər ölüb, 60-dan çox adam yaralanıb.